Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 11:18
Xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycan ərazisində qaydaları pozan, amma cəriməsini ödəməyən sürücülər sərhədi keçə bilməyəcəklər.
Sonxeber.net "Xəzər TV"yə istinadən xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, əvvəllər xarici ölkə qeydiyyatlı avtomobillərin sürücüləri Azərbaycana gələrkən qaydaları kobud şəkildə pozub sonra da sərhədi rahat keçə bilirdilər. Artıq həmin sürücülərin qayda pozuntuları xüsusi texniki vasiələrin köməyi ilə qeydə alınır.
Hətta bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi sərhəd-keçid məntəqələrinə inteqrasiya edilib. Odur ki, həmin sürücülərin qayda pozuntularını sərhəd-keçid məntəqələrinin əməkdaşları da görə bilirlər.
Qeyd edək ki, bu qayda təkcə xarici ölkə qeydiyyatlı avtomobillərə yox, o cümlədən Azərbaycan dövlət nömrə nişanlı avtomobil sürücülərinə də aiddir.
Kamran Əliyev onu da bildirib ki, Azərbaycan qeydiyyatlı avtomobillərin sürücülərinə, törətdikləri inzibati xəta ilə bağlı ətraflı məlumat ''sms''lə göndərilir. Amma xarici ölkə qeydiyyatlı avtomobillərin sürücülərinə bu hələ ki, mümkün deyil.
Onu da qeyd edək ki, bazalar inteqrasiya edilmədən əvvəl xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycanda qayda pozan sürücü öz ölkəsinə qayıdıbsa, o, yenidən maşınla gələndə sərhəddə cəriməsini ödəyəcək. Və yaxud da qayda pozduğu avtomobili başqa bir şəxsə satıbsa, avtomobilin yeni sahibi Azərbaycana gələrkən inzibati xətanın cəriməsini ödəmədən daxil ola bilməyəcək.
Kamran Əliyev bildirib ki, yeni qaydalar qanunu pozan piyadalara da aiddir. Yəni şəxs əgər inzibati qaydada cərimə olunubsa, cəriməsini ödəmədən sərhədi keçməsinə icazə verilməyəcək.