Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2019 16:20
Bakı. Cani Babayeva - Trend:
Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, 1996-cı il Olimpiya çempionu, Bakıda keçiriləcək dünya çempionatının səfiri Yana Batırşina Avropa çempionatını izləyir.
Trend-ə müsahibəsində keçmiş gimnast çempionat barədə təəssüratlarını bölüşüb:
"Bədii gimnastika üzrə Avropa çempionatı genişmiqyaslı yarışdır. 35 komanda iştirak edir. Dünən bir qədər həyəcanlı çıxışlar oldu. Təkcə rusiyalı gimnastlar deyil, Belarus və Ukraynadan da olan gimnastlar sadə səhvlərə yol verdilər. Amma bu gün Averina bacıları tamamilə başqa səviyyə nümayiş etdirdilər. Mənim üçün gürzlər həmişə təhlükəli alət olub, qızlar isə onlarla çox rahat davrandılar.
Gənclərin çıxışına gəldikdə isə deyə bilərəm ki, rusiyalılar rəqabətdən kənardır. Onların çox güclü komandası var. Azərbaycan gəncləri də məni sevindirdi. Görünür ki, güclü komanda yetişir. Təəssüf ki, hakimlər beş halqa ilə hərəkətlərdə Azərbaycan komandasına aşağı qiymət verdi və üstəlik etiraz da qəbul olunmadı. Zöhrə Ağamirova və Veronika Qudisin çıxışları da xoşuma gəldi. Zöhrə səkkiz ən güclü gimnast arasında yerini aldı. Topla hərəkətləri çox gözəl yerinə yetirdi. Təəssüf ki, bu növdə o, finala çıxa bilmədi".
Y.Batırşina bildirib ki, dünya çempionatının səfiri qismində bu yarışlarda olması mühüm haldır:
"Gimnastlar kimi, mən də dünya çempionatına hazırlaşıram. Sentyabrda məni çox iş gözləyir. Bizim sosial, xeyriyyə layihələrimiz olacaq. Mənim üçün o da vacibdir ki, dünya çempionatından dərhal sonra Bakıda Yana Batırşina mükafatı uğrunda turnir keçiriləcək".
Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.
Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin