Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 00:52
Bakı. Trend:
Emal sənayesinə daha çox üstünlük verilməlidir, güzəştli kreditlər bu sahəyə istiqamətləndirilməlidir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Prezident İlham Əliyev qeyd edib:
"Qeyd etdiyim kimi, sənaye istehsalı ilə bağlı qeyri-neft sektoruna üstünlük veriləcək. Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də artmalıdır. Burada mən bir neçə məsələyə toxunmaq istərdim. Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir. Sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərsinlər. Biz gərək hər şeyi ardıcıllıqla edək. Biz, əlbəttə ki, meyvə-tərəvəz məhsullarımızı tədarük edirik, ixrac edirik. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür. Baramaçılıq da həmçinin. Çünki burada da zəncir yaradılır - kümçüdən ta Şəki ipək kombinatına qədər. Orada da artıq yüzlərlə adam işlə təmin edilib. Kəndlərdə də minlərlə adam işlə təmin olunub və 30-40 gün ərzində böyük vəsait əldə edir, özü də az əziyyət çəkməklə.
Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Bizdə pambıqçılıqda 46 faiz artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri. Bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər. Beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik. Aydın məsələdir, bunlar bir-biri ilə bağlıdır. Pul burada, ölkəmizdə qalacaq.
Tərəvəzçilikdə də həmçinin. Emal sənayesi tərəvəzçilikdə çox aşağıdır. Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər. Mən bu rəqəmləri, Azərbaycanın özünütəminetmə əmsalını müntəzəm olaraq səsləndirirəm ki, harada boşluqlar var, yerli sahibkarlar bu boşluqları doldursunlar. Ancaq mən bir qədər passivlik görürəm. Ona görə dövlət orqanları gərək sahibkarları tərpətsinlər, özləri də təşəbbüs göstərsinlər. Xüsusilə nəzərə alsaq ki, dövlət bütün şəraiti yaradıb və bütün sərgiləri keçirir, sahibkarları xaricə aparır. İndi biz şərab ixracını artırmışıq, nəyin hesabına? Dövlətin səyləri hesabına. Çünki dövlət xətti ilə, dövlətin hesabına beynəlxalq sərgilərdə iştirak təmin olunub, orada kontraktlar bağlanıb. Axı, sahibkar özü bunu etmir.
Əfsuslar olsun ki, bizdə alkoqollu içkilər sahəsində böyük pozuntular olur, statistika tam baş-ayaq idi. Nəyə görə? Çünki araq da istehsal edir, şərab da. Amma yazır ki, mən filan məhsulu istehsal etmişəm, çünki daha çox pul qazansın. Əlbəttə, buna da son qoyulur və qoyulacaq. Hər sahədə şəffaflıq olmalıdır, bunu hamı bilsin. Ona görə belə bicliklər gərək keçmişdə saxlansın.
Misal üçün meyvəçilikdə. 240 milyon dollarlıq meyvə ixrac olunub, artım 11 faiz. Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Yenə də dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq. Kim edib? Dövlət edib. Bəs, sahibkar özü niyə gedib əkmir? Yaxşı, baramanı da dövlət edib, pambığı da dövlət edib, nə vaxta qədər? Sahibkar da gedib etsin. İndi pambıqdan, fındıqdan böyük pul əldə edir, çox yaxşı, qoy, daha da varlansın. Amma özü də bir təşəbbüs göstərsin.
Biz bu işləri onsuz da aparacağıq. Çünki bu, dövlətimiz üçün lazımdır, sahibkar da bizim vətəndaşımızdır. Sahibkar da onlarla, yüzlərlə, bəlkə də minlərlə işçini saxlayır, ona maaş verir. Ona görə burada bu birliyin, bu konfransların məqsədi nədir?! Burada oturanların bir hissəsi yerli icra başçıları, mərkəzi icra orqanlarının rəhbərləri və sahibkarlardır. Bu konfransın ikinci hissəsində açıq söhbət aparılmalıdır. Daha şüarlar, hansısa bəyanatlar lazım deyil. Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”. Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam.
Eyni zamanda, bizdə sənaye sahəsində də hazır məhsulun buraxılması məsələsi gündəlikdədir. Məsələn, SOCAR Polymer zavodu istifadəyə verildi və indi biz polimerləri xaricə ixrac edirik. O ölkələrə ixrac edirik ki, həmin ölkələr ondan hazır məhsul istehsal edir, bizə satır. Ona görə biz özümüz burada klasterləri yaratmalıyıq və lazım olarsa, dövlət dəstək göstərəcək ki, polimerdən məhsullar Azərbaycanda istehsal olunsun, pul ölkəmizdə qalsın. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin