Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 15:28
Bakı. Trend:
“Azərenerji” “Reabilitasiya Proqramına” uyğun olaraq Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan 220 və 110 kilovoltluq sistem əhəmiyyətli əsas yarımstansiyaları yenidən qurur və işlər enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.
Qurumdan Trend-ə bildirilib ki, artıq Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 220 kV-luq “Müşfiq” və Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 110 kV-luq “Zabrat” yarımstansiyaları yenidən qurularaq istismara verilib.
1968-ci ildə tikilən 110 kV-luq “8-ci kilometr” və 1976-cı ildə istismara verilən Sumqayıtdakı 110 kV-luq “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb.
Həmçinin, 1953-cü ildə tikildiyindən istismar müddətini bir neçə dəfə keçən açıq tipli 110 kV-luq “Dübəndi” yarımstansiyası qapalı tipə keçirilərək tam yenidən qurulub.
1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq “Xırdalan”, 1968-ci ildə istismara verilən 110 kV-luq “Əhmədli” və 1949-cu ildən istismar olunan 110 kV-luq “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir.
Bütün yarımstansiyalarda rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə məkəzləri tikilir. Nəticədə güc çatışmazlığı aradan qaldırılmaqla yanaşı etibarlıq və dayanıqlıq təmin edilir.
Nəzərinizə çatdıraq ki, qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üşün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ümumilikdə 20-dək yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirir, avadanlıqlar, ən əsası isə transformatorlar dəyişdirilərək yarımstansiyaların gücü artırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin