Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 17:24
"Ölkədə mövcud olan sabitlik və inkişaf, bu fonda aparılan çoxşaxəli islahatlar ilk növbədə xalq-dövlət birliyinin, bu birliyin möhkəm əsaslara, etimada və etibara söykənməsinin göstəricisidir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin regionların "2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının bir ilinin başa çatması ilə bağlı keçirilən konfransda irəli sürdüyü fikirlərini şərh edərkən deyib.
B.Quliyev qeyd edib ki, dövlət başçısının Azərbaycanın iqtisadi inkişaf, ciddi islahatlar yolunda olduğunu vurğulaması həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, gerçəkləşdirilən islahatlar məhz vətəndaşlar tərəfindən birmənalı dəstək alır: "Əlbəttə, bu dəstək, bu etimad dövlətin həyata keçirdiyi siyasətə müsbət təkanlarını verməkdədir. Çünki hər bir inkişafın təməlində insanların sosial və s. maraqları da təmin olunur. Ona görə də, cənab İlham Əliyev xüsusilə vurğulayıb ki, islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Bəli, artıq görün insanlarımızı narahat edən nə qədər problemlər aradan qaldırılıb və bundan sonra da qaldırılacaq. Bu, vətəndaşın öz Prezidentinə olan sevgisini, ehtiramını daha da artırır. Baxın, bu gün həmin inkişaf reallığını gözləri götürməyən bəzi qüvvələr də ölkəmiz əleyhinə canfəşanlıq edirlər, həyata keçirilən islahatlara öz təbirlərincə qara yaxmağa çalışırlar. Amma qarşılarında nə görürlər? Əlbəttə ki, xalq amilini. Məhz xalq amili, bu amildə formalaşan xalq-dövlət vəhdəti belə qüvvələrin qarşısını keçilməz baryer, aşıla bilinməyən sədd olaraq alır".
"Ümumiyyətlə, Prezident İlham Əliyevin siyasi və iqtisadi sahədə qurduğu strategiya xalqın dəstəyinə əsaslanır", - deyən siyasi ekspert həmçinin qeyd edib ki, xalqımızın, dövlətimizin maraqlarına xidmət edən islahatlar faktoru get-gedə daha geniş trayektoriyanı və arealı əhatə edəcək: "Çox qısa zaman kəsimində görülən nəhəng işlər əlbəttə ki, davamlılıq tendensiyasını əks etdirir və bu kontekstdən çıxış edən cənab İlham Əliyev sübut edir ki, o bütün mənalarda xalqının yanındadır, ona güvənən, etimad edən xalqın yanındadır. Bu baxımdan da, hesab edirəm ki, islahatlar fonunda ona verilən dəstək daha geniş islahat perspektivlərini müəyyənləşdirir. Əbəs deyil ki, dövlətimizin başçısı bu anonsu da verərək, qarşıda daha böyük işlərin həyata keçiriləcəyini xüsusilə vurğuayır. Azərbaycan sabitlik, inkişaf adasına çevrilib və regionda söz sahibi kimi çıxış edir, müxtəlif xarici araşdırma mərkəzləri öz hesabatlarında bu faktı qeyd edirlər. Ona görə də, bütün bunlardan nəticə çıxararaq düşünürəm ki, ölkəmizi və xalqımızı qarşıda daha geniş spektrdə nəhəng uğurlar gözləyir".