Tarix: 26 Fevral 2020 11:18
Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin siyahısında dəyişiklik ola bilər.
Qol.az xəbər verir ki, bunu UEFA-nın vitse-prezidenti Mişel Uva koronavirus epidemiyasının Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib. Onun sözlərinə görə, əgər ev sahibi ölkələrdən hansısa sözügedən virusa görə təminat verməsə o zaman oyunlar başqa şəhərdə keçirilməli olacaq:
“Hazırda gözləmə mövqeyindəyik. Koronavirusun təsir göstərdiyi ölkələri, orada təşkil olunan turnirlərlə bağlı qərarları diqqətlə izləyirik. Böyük beynəlxalq turnirlərin təxirə salınması və ya dayandırılması vəziyyət daha da pisləşəcəyi halda gündəmə gələ bilər. Hansısa turniri təxirə salmaq və ya şəhər dəyişdirmək istəmirik. Amma ev sahibi ölkələrdən biri virusa görə bizə zəmanət verməsə, şəhər dəyişikliyi edə bilərik. İzləyib, nələr olduğunu görəcəyik”.
Uva virusun Avropada geniş şəkildə yayılacağı halda, Çempionlar Liqası və Avropa Liqasını dayandırmaq məcburiyyətində qalacaqlarını da deyib.
Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.