Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir'' - Politoloq

''Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir'' - Politoloq

Tarix: 26 Fevral 2020 14:57

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya geniş tərkibdə baş tutan səfəri, keçirdiyi vacib görüşlər ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu səfər eyni zamanda iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir:

"Bu mərhələnin ən önəmli hadisəsi isə heç şübhəsiz ki, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" nin imzalanmasıdır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi çəkisini artırır. Belə ki, sənədin adından da göründüyü kimi, bu münasibətlər müxtəlif istiqamətlərdə - siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın bu sənədi "Böyük Yeddiliyin" üzvü olan bir ölkə ilə imzalaması sənədin siyasi əhəmiyyətini sübut edən daha bir mühüm faktdır. Birgə Bəyannamədə qeyd olunur ki, tərəf ölkələr bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər. Deməli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi çox mühüm əhəmiyyət kəsb edir".

Politoloq vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən mötəbər beynəlxalq tribunalarda Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı dəfələrlə məğlub etməsi, xüsusilə sonuncu dəfə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə dövlətimizin başçısının diplomatiya tariximizə qızıl hərflərlə yazılmış tarixi çıxışından sonra Avropa İttifaqının aparıcı üzv ölkəsinin baş naziri ilə imzaladığı strateji sənəddə münaqişə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların qəbul edilməsi dövlət başçısının uğurlu xarici siyasət kursunun, bilavasitə siyasi səriştəsinin və şəxsi keyfiyyətlərinin bariz nümunəsidir:

"Belə bir məsələdə İtaliyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyini Azərbaycan son dərəcə yüksək qiymətləndirir.

İtaliya ilə imzalanmış Birgə Bəyannamədə əks olunan məsələ sadəcə sözügedən ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləməsini ehtiva etmir. Eyni zamanda, bu sənəddə yer alan müdafiə, enerji, nəqliyyat, logistika məsələlərini əhatə edən bəndlər də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edir.

Birgə Bəyannamə, eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha da inkişaf etdirilməsi, habelə müdafiə, enerji, nəqliyyat, logistika və sair kimi strateji sahələrdə Azərbaycanla əməkdaşlığın daha da gücləndirilməsinə münasibətdə ən böyük ticarət tərəfdaşımız olan İtaliyanın maraq və səylərini də ortaya qoyur. Belə ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli münasibətləri nəzərə alaraq, ölkəmizlə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığı və tərəfdaşlığı nəzərdə tutan, hazırda müzakirə olunan yeni sazişin tezliklə imzalanmasına dəstəyini ifadə edir.

Nəzərə alsaq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində və bilavasitə İtaliyanın enerji təchizatında mühüm payı olan ölkədir, o zaman Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək məhz İtaliyanın cənubunda bitəcək Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında, eyni zamanda problemsiz tamamlanması istiqamətində addımlar atacaqlarını bildirmiş olurlar".

Politoloqun sözlərinə görə, bütövlükdə, bu cür bəyannamələrin imzalanması siyasi, iqtisadi dividendlərdən əlavə, ölkəmizin beynəlxalq aləmdə də imicinə müsbət təsir edir: "İtaliyanın Avrozonanın aparıcı ölkələrindən biri olması Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə, eyni zamanda siyasi proseslərə təsir imkanlarını atırmasına da müsbət töhfə vermiş olur".


Etiketlər:  Prezident İlham Əliyevin İtaliyaya səfəri ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ