Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 20:48
2020-ci ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox vəsait yönəldilib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Artım daha çox neft-qaz sektoruna yatırılmış investisiyaların artması (28,8 faiz) ilə bağlı olub, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi də 1,0 faiz artıb. Ümumi sərmayənin 703,7 milyon manatı və ya 70,6 faizi məhsul istehsalı sahələrinin, 174,3 milyon manatı (17,5 faizi) xidmət sahələrinin, 118,7 milyon manatı (11,9 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 26,5 faizi dövlət, 73,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 60,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 61,1 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 734,2 milyon manat, bank kreditləri 11,8 milyon manat, büdcə vəsaitləri 141,3 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 33,8 milyon manat, əhalinin şəxsi vəsaitləri 67,4 milyon manat, sair vəsaitlər 8,2 milyon manat təşkil edib.