Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 07:56
Azərbaycanın məqsədi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmaqdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.
"Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqsəd haqqında fikir bildirib", - deyə o qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanına uyğun olaraq "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" (bundan sonra - Strateji Yol Xəritəsi) 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir. Sənəddə sahə üzrə fəaliyyət səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilib. Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsidir. Ümumilikdə, istehsal gücünün 1000 MVt artırılması ilə yanaşı, külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla, şaxələndirilməsi nəzərdə tutulur
Xatırladaq ki, hazırda Azərbaycanda alternativ energetikanın inkişafı üçün ardıcıl addımlar atılır. Bu məqsədlə Çin, BƏƏ, ABŞ və Avropa şirkətləri də daxil olmaqla xarici investorlarla danışıqlar aparılır.
Qeyd edək ki, alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınır və heç bir tullantısı olmur.