Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 22:04
Bakı. Elçin Mehdiyev - Trend:
OPEC+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bunun səbəbi hər şeydən öncə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və şaxələndirilmiş olması, eyni zamanda bu cür ekstremal vəziyyətlərə qarşı immunitetinin olmasıdır:
"Biz bilirik ki, zaman-zaman qlobal iqtisadi münasibətlərə süni siyasi müdaxilə olur və bu, iqtisadi proseslərə mənfi təsir göstərir. Biz eyni iqtisadi əsaslarda olmasa da, iqtisadiyyata süni siyasi müdaxilənin bənzər formasına 2014- cü ildə də rast gəlmişik. Bu vəziyyətdə görülən preventiv tədbirlər nəticəsində iqtisadiyyatımızın qısa müddətdə dayanıqlı inkişaf yoluna qədəm qoyduğuna şahid olmuşuq. Elə indi də neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ölkəmizdə yenə operativ önləyici tədbirlərin görülməsi öz səmərəli nəticələrini verəcək".
H.Babaoğlu vurğulayıb ki, artıq OPEC+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan hökuməti operativ müzakirələr aparıb və neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planları hazırlayıb:
"Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsı, ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olması, iqtisadi inkişafın davamlılığı, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artması milli iqtisadiyyatımızın immunitetini formalaşdıran əsas iqtisadi faktorlar kimi çıxış edir və iqtisadiyyatımızı bu cür risklərdən qoruyur. Ona görə də ciddi narahatlığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin, xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır".