Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 12:24
Bakı. Samir Əli - Trend:
Novruz bayramı ilə əlaqədar Bakı və Xırdalan şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə martın 14-dən 19-dək fasiləsiz olaraq 6 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat katibi Mayis Musayev Trend-ə bildirib ki, yarmarkalar Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi. 225 saylı orta məktəbin qarşısı. Space TV-nin yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı, Nərimanov rayonu, Gənclik metrosunun yanı, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişməsində (Neftçilər parkının yanı) keçiriləcək.
Qeyd edək ki, yarmarkalara 200-ə yaxın fermer tərəfindən kənd təsərrüfatı məhsulları çıxarılacaq. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.