Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 14:54
Bakı. Trend:
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxmuş xəstə yoxdur.
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Terapevtik Klinikanın direktoru Samir Allahverdiyev sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, koronavirusla əlaqədar sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının adı əsasız şəkildə hallandırılaraq güya klinikada COVID-19 virusuna yoluxmuş xəstənin müalicə aldığı barədə məlumat yayılıb:
"Məsələyə aydınlıq gətirərək qeyd edim ki, bir neçə gün əvvəl Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasientlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Ona görə də həmin xəstə ilə təmasda olan bütün tibbi personal hər ehtimala qarşı müayinədən keçirilib. Şöbənin yerləşdiyi mərtəbə bağlanılıb, təkrar dezinfeksiya işləri aparılıb. Klinikada nəinki koronavirus şübhəsi doğuran, heç hərarəti olan xəstə də yoxdur. Yüksək hərarətli xəstə bizə müraciət etdiyi təqdirdə onu qəbul etmir, 1 saylı Şəhər Klinik Xəstəxanasına yönləndiririk. Bizdə nə infeksiya şöbə fəaliyyət göstərir, nə də həkim-infeksionist var. Ona görə də həmin xəstələrin müayinə və müalicəsi üçün şərait olmadığından koronavirus şübhəsi doğuran xəstələri klinikamıza qəbul etmək imkanımız yoxdur”.
Samir Allahverdiyev qeyd edib ki, sosial şəbəkə istifadəçilərini heç bir əsas olmadan yaydığı yalan informasiyalar əhalidə təşviş və həyəcan yaratmağa xidmət edir.
Direktor insanları həqiqətdən uzaq olan belə məlumatlara inanmamağa çağırıb və klinikanın fəaliyyətini qrafikə uyğun şəkildə davam etdirdiyini bildirib.