Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 12:20
Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisdə Azərbaycanda koronavirusla bağlı müzakirələrə başlanılıb.
Trend-in məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bü gün iclasda koronavirusla mübarizənin təşkili məsələsi müzakirə olunacaq.
Sədr qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilir.
S.Qafarova vurğulayıb ki, Azərbaycanın Baş naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarının rəhbərlərinə təlimat məktubu göndərib:
"Məktubda koronavirus infeksiyası ilə bağlı mübarizənin təşkili istiqamətində bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, mobil rabitə və internet vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.