Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Natiq Yəhyayev: Məktəblərin fiber optik şəbəkəyə qoşulması üçün unikal həll modeli hazırlamışıq

Natiq Yəhyayev: Məktəblərin fiber optik şəbəkəyə qoşulması üçün unikal həll modeli hazırlamışıq

Tarix: 18 Mart 2020 12:45

Bakı. Trend:

Trend “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayevlə müsahibəni təqdim edir:

- Şirkət haqqında qısa məlumat verə bilərsinizmi?

- “AzEduNet” şirkəti 2008-ci ildə fəaliyyətə başlayıb. Şirkət İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xidməti provayderi olmaqla yanaşı, həm də sistem inteqratorudur. Bizim kommunikasiya avadanlıqlarımız Azərbaycanın demək olar ki, bütün ATS-lərində quraşdırılıb. Cəsarətlə söyləyə bilərik ki, bizim şəbəkəmiz bütün ölkəni əhatə edir. Şirkət İKT ilə bağlı hər növ xidməti, o cümlədən böyük data mərkəzlərinin layihələndirilməsi xidmətini həyata keçirə bilir. Burada söhbət kompleks yanaşmadan gedir – layihə, quraşdırma və texniki dəstək.

- AzEduNet sözünün açıqlaması nədir?

- “AzEduNet” sözü İngilis dilindəki “Azerbaijan Educational Network” – yəni Azərbaycan Təhsil Şəbəkəsi söz birləşməsinin qısaldılmış formasıdır.

- Şirkətin adı onun təhsil yönümlülüyünə işarə edir. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, siz haqlısınız. Şirkətin fəaliyyəti, əsasən Azərbaycanın təhsil sektoruna yönəlib. Biz dövlət sektoru ilə yanaşı, özəl müəssisələrlə də işləyirik. Təhsil sahəsindəki İKT xidmətləri kifayət qədər spesifik istiqamətdir. Bu sahədə işləmək üçün texniki cəhətdən inkişaf etmiş şirkət olmaq kifayət etmir. Təhsil sahəsinin ehtiyaclarını və təhsil sahəsindəki müasir tendensiyaları da bilmək vacibdir.

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları olmadan təhsilin inkişafı barədə danışmaq çətindir. Təhsil Şəbəkəsi son 12 ildə Təhsil Nazirliyi tərəfindən tətbiq edilən rəqəmsal texnologiyaların əsas dayaq infrastrukturudur.

- Bəs təhsil şəbəkəsi deyərkən nə anlamaq olar? İnternetə qoşulmuş təhsil müəssisələri?

- Xeyr, bu belə deyil. Suala görə sizə təşəkkür edirəm. Mən tez-tez belə yalnış iddialar eşidirəm. Məsələ burasındadır ki, Təhsil Şəbəkəsi, texniki dillə desək Korporativ Fərdi Şəbəkədir (Corporate Private Network) və bu şəbəkə daxilində biz bir neçə xidmət növü təklif edirik. Bunlardan biri də təhsil müəssisələrinin İnternetə qoşulmasıdır. İnternet təminatı göstərdiyimiz xidmətlərin yalnız 5%-ni təşkil edir. Açığını söyləsəm, kifayət qədər texniki biliklərə sahib olmadan bu fərqi anlamaq çətindir. Amma nümunələr ilə izah etməyə çalışacam.

Təsəvvür edək ki, biz təhsil müəssisəsini yalnız İnternetə qoşmuşuq və ümumi təhsil şəbəkəsindən ayırmışıq. Bu zaman aşağıda qeyd olunan hallar baş verəcək:

İP telefoniya və İnternet kontentin filtrasiyası işləməyəcək. Bütün açıq təhsil resurslarına çıxış sürəti aşağı düşəcək; Bütün qapalı resurslara çıxış bağlanacaq. Təhsil Nazirliyinin maliyyə sisteminin fəaliyyəti dayandırılacaq; Şəbəkə təhlükəsizliyi təminatı olmayacaq. Həftənin 7 günü, 24 saat təhsil müəssisələrinə göstərilən texniki dəstək dayanacaq. Bu siyahını uzatmaq da olar.

Bir də təsəvvür edək ki, İnternet təminatı dayanıb. Nə baş verəcək? Hiss olunan elə bir çətinlik yaranmayacaq. Yəni, Təhsil Nazirliyinin bütün həyati əhəmiyyətli resursları - İP telefoniya, 146 qaynar xətti, video konfrans, maliyyə sistemi, qeydiyyat xidmətləri (misal üçün birinci sinifə sənəd qəbulu və s.) və digər xidmətlər şəbəkə daxilində öz fəaliyyətini davam etdirəcək.

Təhsil şəbəkəsi çox böyük və qəliz bir infrastrukturdur. Bu infrastrukturun daim texniki dəstəyə və yenilənməyə ehtiyacı var. Təhsil üçün şəbəkə, hər hansı bir böyük bank üçün şəbəkədən az əhəmiyyətli deyil.

Çoxsaylı xidmətləri dəstəkləmək üçün isə peşəkar mütəxəssislərin xidmətləri tələb olunur. Çünki təhsil şəbəkəsi təhsil ehtiyacları əsasında qurulmuş peşəkar bir sistemdir.

- Bəs təhsil müəssisələri hansı üsulla təhsil şəbəkəsinə qoşulur? FTTB, xDSL yoxsa LTE?

Hər şey Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin qoyduğu tələbdən asılıdır. Onlar öz tələblərini bu və ya digər təhsil müəssisəsinin ehtiyaclarına görə müəyyənləşdirirlər. Misal üçün, çoxlu kompüter otaqları olan böyük məktəblər üçün optik lifli kabel vasitəsi ilə qoşulma tələb olunsa da, elə də böyük olmayan məktəblər üçün ADSL texnologiyaları kifayət edir. Ucqar ərazilərdə yerləşən və şəbəkə təminatı olmayan təhsil müəssisələrində isə LTE texnologiyalarına əsaslanan şəbəkə qurulur. Yəni, təhsil müəssisələri şagirdlərin sayı və digər parametrlərə görə qruplara bölünüb. Qoşulma üsulları isə bu qruplara əsasən müəyyən edilir.

Adətən minimal ötürmə sürəti 10 MB/saniyə, orta sürət isə 100 MB/saniyədir. Bundan başqa, 1 GB/saniyə və 10 GB/saniyə sürəti olan kanallar da mövcuddur. Bu sürətlər Təhsil Nazirliyinin data mərkəzi və nazirliyin özünün lokal şəbəkəsindədir.

- Siz LTE texnologiyaları haqqında söz açdınız. Bu nə deməkdir? Bu formatda informasiya ötürmək üçün avadanlıqlarınız varmı?

- Xeyr, bizim LTE baza stansiyalarımız yoxdur, amma “Bakcell” şirkətinin timsalında çox yaxşı bir tərəfdaşımız var. “Bakcell” şirkəti bizimlə çalışmaq və «interconnection» texnologiyasını texniki cəhətdən reallaşdırmaq imkanına malikdir. Bunun sayəsində Təhsil Şəbəkəsi və “Bakcell”-in şəbəkəsi birləşdirilərək unikal bir qoşulma yaradırılıb. Bu tərəfdaşlıq sayəsində “Bakcell”-in şəbəkəsini və onun baza stansiyalarını birbaşa Təhsil Şəbəkəsinə qoşmağa imkan yaranır. Daha doğrusu “Bakcell” bizə imkan yaradıb ki, onun baza stansiyalarını öz resurslarımız kimi istifadə edək. Biz bu stansiyalar sayəsində öz trafikimizi idarə edirik, İP ünvanlar veririk, interneti filtrasiya edirik və s.

Özümüzün xarici 24dbi parabolik antenlər vasitəsi ilə gücləndirdiyimiz LTE modemləri istifadə edirik. Bu da öz növbəsində ADSL texnologiyalarından üstün olan etibarlı kanal yaradır. “Bakcell”-in LTE əhatə dairəsində olan ərazilərdə informasiya ötürülməsi sürəti 40-50 MB/saniyə olur.

Əlavə olaraq qeyd etmək istərdim ki, 2019-cu ilin ortalarında Təhsil Nazirliyi, “AzEduNet” və “Bakcell” şirkətləri arasında üçtərəfli saziş imzalanıb. Bu sazişə əsasən, “Bakcell” şirkəti tərəfindən təhsil müəssisələrinə 700 ədəd data kart təqdim olunmuşdur. “AzEduNet” də öz növbəsində 700 təhsil müəssisəsini ödənişsiz olaraq, Azərbaycan Təhsil Şəbəkəsinə qoşub. Qeyd olunan layihə nəticəsində məktəblərin təhsil şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan dövlət vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət edilib. Həmin məktəblər Təhsil Şəbəkəsinə qoşulmaqla yanaşı, filtrasiya edilmiş İnternet trafiki ilə də təmin olunmuşdur.

- Siz necə düşünürsünüz, bu gün təhsil şəbəkəsinə ən optimal qoşulma variantı hansıdır?

- Yalnız optik lifli kabel! ADSL texnologiyaları kifayət qədər böyük ötürmə potensialına (24 MB/saniyə) malik olsa da, Azərbaycanda onun imkanlarından tam istifadə etmək mümkün deyil. Buna səbəb isə mis telefon xətlərinin yararsız vəziyyətdə olmasıdır. Əgər Bakı, Sumqayıt və Abşeron yarımadasının digər hissələrində 8-10 MB/saniyə qoşulmanı həyata keçirmək mümkündürsə, regionlarda bu göstərici xeyli aşağıdır. Optik lifli kabel isə bütün problemləri həll edir və gələcək üçün böyük potensiala malikdir. Bir optik xətt ilə 10 GB/saniyə sürətlə informasiya ötürmək mümkündür. Multipleksiya texnologiyalarından istifadə edilərsə, sürəti 100 GB/saniyəyə qədər çatdırmaq olar ki, bu da kifayət qədər böyük rəqəmdir.

- Deyə bilərsinizmi, bu gün təhsil müəssisələrinin şəbəkəyə qoşulması hansı vəziyyətdədir? Əgər çətin deyilsə, rəqəmlər də sadalayın zəhmət olmasa.

- Əlbəttə! Bu gün Azərbaycanda ümumilikdə 3892 orta məktəb təhsil şəbəkəsinə qoşulub. Onlardan 301-i optik lifli kabel vasitəsi ilə, 1881 təhsil müəssisəsi ADSL texnologiyası ilə, 1710-u isə LTE texnologiyası ilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

- Əgər belədirsə, nəyə görə hələ də az məktəb optik xətt vasitəsi ilə şəbəkəyə qoşulub? Bu xidmətin baha olması ilə əlaqəlidir, yoxsa texniki problemlər var? Bəs siz nəyə görə hələ də Təhsil Nazirliyinə bütün məktəblərin optik xətt vasitəsi ilə şəbəkəyə qoşulmasını təklif etməmisiniz?

- Doğrusu biz belə bir təklifi irəli sürmüşük, lakin tələb olunan sərmayə olduqca böyükdür. Hazırda layihəyə özəl sərmayələrin cəlb olunması istiqamətində işlər aparırıq. Bu çox qəliz məsələdir, amma biz vəziyyətdən çıxış variantını tapmışıq.

“AzEduNet” şirkəti özəl sektorla dövlət sektoru arasında əməkdaşlıq yaradan çox unikal bir biznes model təklif edib. Həmin model aşağıdakı formada işləyir:

2015-ci ildə Təhsil Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Bu protokola əsasən, Təhsil Nazirliyi ilə “AzEduNet” şirkəti arasında təhsil müəssisələrinin optik lifli kommunikasiya kanalları vasitəsi ilə İnternet və İntranet şəbəkəsinə qoşulması barədə müqavilə imzalanıb. Həmin sənəd çərçivəsində “AzEduNet” şirkəti kommersiya tərəfdaşı kimi “ENGİNET” şirkətini prosesə cəlb edib.

“ENGİNET” şirkəti özəl bazardan cəlb etdiyi maliyyə vəsaiti hesabına orta məktəblərə optik lifli kabel xətləri çəkir və məktəblərdə özünün kommunikasiya avadanlıqlarını quraşdırır. Bundan sonra orta məktəb optik kanal vasitəsi ilə önəşsiz təhsil şəbəkəsinə qoşulur. “ENGİNET” şirkəti isə, öz növbəsində, həmin təhsil müəssisəsində yerləşdirdiyi avadanlıq vasitəsi ilə məktəbin ətrafında yerləşən yaşayış binalarına İP televiziya, İnternet və İP telefoniya xidmətləri təqdim edir.

Bu biznes model sayəsində bu günə qədər 48 təhsil müəssisəsinə optik-lifli kabellərin çəkilməsi ödənişsiz həyata keçirilmişdir. Bundan əlavə, Bakı, Gəncə və Mingəçevir şəhərlərində yerləşən 6 təhsil müəssisəsi göstərilən xidmətlərə görə aylıq ödənişdən tamamilə azad olunmuşdur. Həmin məktəblər optik şəbəkəyə pulsuz qoşulmaqla yanaşı, ay ərzində göstərilən İnternet, İntranet və digər şəbəkə xidmətlərindən tamamilə ödənişsiz istifadə edirlər.

- Belə anlaşılır ki, bu cür böyük şəbəkəni dəstəkləmək və inkişaf etdirmək üçün böyük resurslar tələb olunur.

Bəli, siz haqlısınız. Təəssüflər olsun ki, bizim böyük resurslarımız yoxdur. Buna görə də xidmətin avtomatlaşdırılması yolunu seçərək dünya təcrübəsində qəbul olunmuş təcrübə və standartları tətbiq edirik. Bu təcrübə və standartlar şəbəkəni yüksək səviyyədə idarə etməyə və xidmətlərin keyfiyyətini yüksək səviyyədə saxlamağa imkan yaradır. Eyni zamanda bütün işlər yüksək ixtisaslı peşəkarlar tərəfindən həyata keçirilir.

- Bəs hansı standartlardan istidadə edirsiniz?

- Bizim əsas standartımız İSO 9001-dir. Bu standartı tətbiq etmək üçün Britaniya Standartlar İnstitutunu (British Standard Institute - BSI) cəlb etmişik. Proses bir qədər baha başa gəlib, amma biz sertifikatı elə sertifikat xatirinə deyil, işlərin keyfiyyətini artırmaq məqsədi ilə almışıq. BSİ işlərini tam keyfiyyəti ilə həyata keçirir və xırda nöqsanları belə bağışlamır. Bu standartları tətbiq etməkdə əsas məqsədimiz nəzərdə tutduğumuz İSO 20000 standartını almaq idi. Bunun üçün isə İSO 9001 standartı önəmli idi. BSİ-nin sərt nəzarəti altında İSO 9001 standartını almaqla biz İSO 20000 sertifikatına gedən yolumuzu açmış olduq.

İSO 20000 standartları üzrə də sertifikatlaşma BSİ auditorları tərəfindən həyata keçirildi. Qürur hissi ilə deyə bilərik ki, biz Azərbaycanda İSO 20000 standartını alan ilk şirkətik. Həm də biz bunu əlavə konsultantlar cəlb etmədən, öz gücümüzə edə bilmişik. Hazırlıq üçün bir ildən çox vaxtımız getdi və ümumilikdə bu prosesə 80 min ABŞ dolları qədər vəsait xərclədik.

Biz şirkətdəki bütün əməkdaşlar üçün təlimlər təşkil etdik ki, hər kəs hədəfləri və missiyaları aydın şəkildə anlasın. Bu cür yanaşma özünü doğrultdu. Biz çox bahalı konsultantların xidmətlərindən yararalanmadan bir illik hazırlıqdan sonra İSO 20000 sertifikatını ala bildik.

- İSO 9001 standartı demək olar ki, hər kəsə tanışdır, amma İSO 20000 görünür yeni standartdır. Yəqin ki, hər kəs bunun nə olduğunu bilmir. Deyə bilərsinizmi bu standart nə üçündür?

- İSO 20000 standartının əsas hədəfi İKT proseslərində risklərin minimuma endirilməsi, imzalanmış müqavilələrin tələblərinin uğurla icra olunması və müştərilərin tələblərinin yüksək səviyyədə yerinə yetirilməsi, o cümlədən xidmət keyfiyyətinin yüksəkliyi və menecmentin effektivliyidir. Etimad, keyfiyyət və kompleks yanaşmanın mövcudluğu standartın tələbləri sırasındadır. Biz bu standartları tətbiq etməklə, İKT xidmətləri sahəsindəki idarəetmənin daim təkmilləşdirildiyini nümayiş etdiririk. Bu standart bizi rəqabətdə də üstün mövqeyə sahib edir.

“AzEduNet” şirkəti olaraq biz İTİL (Information Technology Infrastructure Library) təcrübələrini də tətbiq edirik. Bir müddət əvvəl Almaniyanın “Deutsche Telecom” audit şirkətinin yoxlamalarından da uğurla keçmişik. Bu, şirkətimizin hansı inkişaf səviyyəsində olduğunu və hansı istiqamətdə inkişaf etməli olduğunu anlamaq üçün gərəklidir. Olduqca tələbkar və keyfiyyət məsələlərində kompromisə getməyən təşkilatdan müsbət rəy almaq çox sevindirici oldu.


Etiketlər:  Natiq Yəhyayev Məktəblərin fiber optik şəbəkəyə qoşulması üçün unikal həll modeli hazırlamışıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ