Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı

İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı

Tarix: 21 Mart 2020 14:48

Dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkə İtaliyadır. Həmin ölkədə bu günə qədər 47 mindən çox insan virusa yoluxub, 4076 nəfər dünyasını dəyişib.

15 ildir ki, İtaliyada həkim kimi çalışan həmyerlimiz Bahar Yusifzadə pandemiya ilə bağlı azxeber.com-a müsahibə verib.

O deyib ki, Milanda yaşayır və bu şəhərdə vəziyyət çox gərgindir:

"İtaliyanın Milan şəhərində yaşayıram. San Rafael hospitalının kardiologiya şöbəsində həkiməm. Hazırda virusla bağlı ən kritik vəziyyət İtaliyanın şimal bölgəsindədir. Epidemiya ölkədə ilk dəfə elə bu əyalətdə başladı. Dəqiq hesablamalara görə, burada virusa yoluxanların sayı 41 min nəfərdir. Milanın ətrafında olan bölgələrdə yaşlı əhalinin sayının çox olması ilə əlaqədar ölənlərin sayı daha çoxdur".

Bahar Yusifzadə koronavirusun İtaliyada nəyə görə bu qədər geniş yayılmasından da danışıb:

"Koronavirus ilk dəfə yayılanda heç kəs vəziyyətin bu qədər ciddi olacağına inanmırdı. Burada onu ciddiyə almadılar, hamı zarafatla qarşıladı. İndi isə qarşısını ala bilmirlər, hər kəs çarəsizdir. Düşünürəm ki, virus haqqında məlumat daxil olan kimi karantin rejimi elan edilməli idi. O halda bu qədər ölüm olmazdı".

Bahar Yusifzadə Azərbaycan xalqına da müraciət edib:

"Azərbaycan dövləti çox gözəl işlər, qabaqlayıcı tədbirlər görür. İtaliyada bunu etmədilər, çox gecikdilər. Mən, sadəcə, xalqımıza deyirəm ki, özlərini karantinə alsınlar, evdən çölə çıxmasınlar. Sizin qədər şanslı deyiləm, işimə görə hər gün xəstəxanaya getməliyəm. Evdə otursanız, xəstəlik geniş yayılmaz. Buradakı tələbələrə də deyirəm ki, Azərbaycana qayıtmaq lazım deyil. Onsuz da qayıdan kimi karantində qalacaqsınız, ondansa, burada evinizdə qalın".


Etiketlər:  İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ