Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 12:52
Bakı. Samir Əli - Trend:
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücü və avtomobil sahiblərinə müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, artıq küçə və prospektlərdə quraşdırılan kameralar işə salınıb:
"Bu gündən reydlərə başlamışıq. Paytaxt küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edən şəxslər saxlanılaraq nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət edildi. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin. Xüsusilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil. Bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərində bəzi sürücülər tərəfindən səhlənkarlığa yol verilir və avtomobillər idarə edilir. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.
Kameralar vasitəsi ilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək.
Deməli bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir.
Xahiş edirik ki, "Evdə qal" kompaniyasına qoşulun və evdə qalın. Səbəbsiz yerə küçələrə çıxmayın. Bu həmçinin hazırda paytaxt ərazisində idarə edilən komunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsindəki şəxslərin də sərbəst hərəkətinə şərait yaradır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar. Əks halda qaydalara əməl etməyən nəqliyyat vasitələrinin sahibləri və sürücülər cərimələnəcək".