Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 18:48
Bakı. Trend:
Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından, sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki 01.04.2020-ci il tarixindən saat 07:00-dan 20:00-dək olmaqla dəyişdirilir. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.
Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyyat avtobusların buraxılması nəzərədə tutulub.
Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.
Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.