Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar açıqlanıb

İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar açıqlanıb

Tarix: 6 Aprel 2020 17:51

Bakı. Trend:

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirləri özündə əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, sənəddə iş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması əsas istiqamətlər sırasındadır.

Belə ki, Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək, o cümlədən işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı istiqamətlərdə tədbirlər görüləcək:

Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün aprel-may aylarında müvafiq işlər aparılacaq. Bu istiqamət üzrə görüləcək işlər həmin sektorda çalışan 910 min işçini əhatə edəcək.

Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi məqsədilə aprel-may aylarında işəgötürənlərlə bağlı iş aparılmaqla, gündəlik nəzarət təmin ediləcək. Bu istiqamətdə işlər isə qeyri-dövlət sektorunda çalışan 664 min işçini əhatə edəcək.

İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində Nazirlik tərəfindən:

50 min haqqı ödənilən ictimai iş yerinin (2020-ci ilin aprel-may ayları) yaradılması vasitəsilə həmin iş yerlərində işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. Bu məqsəd üçün 30 milyon manat vəsait nəzərdə tutulub;

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə (200 min nəfər) 2020-ci ilin aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək. Bunun üçün 70 milyon manat yönəldiləcək;

İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi təmin olunacaq. Proqram bu il üzrə 11 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu məqsəd üçün 70 milyon manat ayrılması nəzərdə tutulub;

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək və bu sahədə proaktiv təyinat mexanizmi yaradılacaq. 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq;

İşsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə sığorta ödənişinin və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərə təqaüdlərin verilməsi xüsusi karantin rejimi dövründə davam etdiriləcək. Bu istiqamət üzrə işlər cari ilin aprel-may ayları üzrə 2 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu istiqamətə 0,6 milyon manat ayrılacaq.

Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqaməti üzrə Nazirlik tərəfindən:

Sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə bu ilin aprel-dekabr ayları üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatından istifadə olunacaq;

Ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi təmin olunacaq. DSMF-dən bunun üçün 3 milyon manat ayrılıb.

Tədbirlər Planında həmçinin yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi də əksini tapır. Cari ilin aprel-may ayları üzrə bu xidmətlər 14 min nəfəri əhatə edəcək.


Etiketlər:  İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ