Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 13:50
“Sumqayıt”ın İrandan olan hücumçusu Peyman Babayi Qol.az saytının suallarını cavablandırıb.
- Karantin dövründə evdə vaxtınızı necə keçirirsiniz?
- 4-5 gündür onlayn məşq edirik. Hər gün səhər saat 11-də məşqlərimiz başlayır. Evdə tək olsam da, çoxlu yemək bişirməklə başımı qatıram, televizora baxıram. Bu boş vaxtardan istifadə edib, internet vasitəsilə ingilis dilini öyrənirəm. Çalışıram ki, bu günlər tez keçsin. İki saatdan bir ailəmlə danışıram.
- Onlayn məşqlər maraqlıdır?
- Əlbəttə, maraqlıdır. “Sumqayıt” bir ailə kimidir. Bu məşqlər olmsa da, bir-birimizlə danışırıq. Amma onlayn məşqlər olanda bizə çox xoş olur. Məşqçilərimizi görürük, özümüzü bir komanda kimi hiss edirik. Bu, məşq üçün çox faydalıdır.
- Formada qalmaq üçün nə edirsiniz?
- Bu durum bütün dünyada belədir. Hər futbolçu gərək özünə nəzarət etsin. Belə vəziyyətdə özün-özünə kömək etməlisən. Heç kim sənin artıq çəki almağının qarşısını ala biməz. Bunu özün etməlisən. Mən də yeməklərimə fikir verirəm. Gündə 1-2 saat məşq edirik. Axşamlar da çıxıb, dəniz qırağında qaçıram. Formamı saxlamağa çalışıram.
- Evdən çıxmaq üçün sms göndərmək lazımdır. Bunu da edirsiniz?
- Təbii ki, mesaj göndərib, sonra çıxıram. Mesajdan sonra yaşadığım ərazidə iki saat sərbəst gəzə bilərəm.
- Koronavirusdan necə qorunursunuz?
- Çalışdığım qədər evdən çıxmıram. Günümü əsasən evdə keçirirəm. Çölə çıxanda da bütün gigiyenik qaydalara riayət edirəm.
- Yerli futbolçulardan fərqli olaraq, siz ailənizdən uzaqdasınız. Yəqin sizin üçün bu günlər daha darıxdırıcıdır.
- Təbii ki, elədir. Şəxsən mən ailəm üçün çox darıxıram. Ancaq onu da deyim ki, bu virus olmasaydı belə, mən hazırda İranda yox, burada olacaqdım. Çünki “Sumqayıt”ın oyunçusuyam. Ancaq belə xəstəliklər olanda adam ailəsindən ötrü daha çox darıxır və narahat olur. Təəssüf ki, evə qayıda bilmirəm.
- Ailənin yaşadağı Təbriz şəhərində koronavirusla bağlı vəziyyət necədir?
- Ümumən İranda vəziyyət yaxşı deyil, virusa yoluxanların sayı getdikcə çoxalır. Novruz bayramına qədər Təbrizdə vəziyyət yaxşı idi. Bayram ərəfəsində insanların bir-birinə qonaq getməsi, daha çox bir yerdə olmaları xəstəliyi artırıb. Demək olar ki, artıq İranın bütün şəhərlərində virusa yoluxan xəstələr var. Hazırda dövlət insanları evdə oturmağa çağırır. Ancaq hamı küçələrdədir. Onları da qınamaq olmur. Çünki evdə oturub, çörəkpulu qazana bilməzlər. Ehtiyacı olanlar çölə çıxırlar. Buna görə də getdikcə ölüm sayı artır. Təbrizdə ölənlərin sayı nisbətən azdır.
- Təbrizdə də karantin rejimi Bakıdakı kimi gücləndirilib?
- Novruz bayramında Təbrizə giriş-çıxışı dayandırdılar. Ancaq artıq gec idi. Qərarı vaxtında vermədilər. İndi isə yollar açıqdır. İnsanlar evdə oturmurlar, hamı bayırdadır. Ancaq gərək bu qaydalara əməl edəsən ki, virus geniş yayılmasın. Ən azı iki həftə evdə qalmaq lazımdır.
- İranda yaxınlarınızdan və ya tanışlarınızdan kimsə koronavirusa yoluxub?
- Şükür olsun Allaha ki, heç kim yoxdur. Arzu edirəm ki, bu xəstəlik getsin və insanlar əvvəlki günlərinə qayıtsınlar.
Ramiq AĞAMƏMMƏDOV