Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 20:52
Bakı. Trend:
Artıq heç kəsə sirr deyil ki, postpandemiya dövründə yaşadığımız dünya əvvəlki kimi olmayacaq. Yeni düzəni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımı olacaq. Ölkəmizin bu qlobal çağırışa hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta indiki böhrandan öncə də dövlət gündəliyində mühüm yer tuturdu və hökumət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı.
Bu məcrada cari il keçirilən Davos Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin şəxsi iradəsi nəticəsində Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzalanan niyyət protokolunu xüsusilə vurğulamaq olar. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri dövlət rəhbərliyinin ölkəmizi bu dəyişikliyin hərəkətverici qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlir.
Lakin, sürətlə artan rəqəmsallaşma tempində bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar arasında, ikisinə əlaxüsus toxunmaq istərdim. Həssas qrupların rəqəmsallaşmaya hazırlılığı və rəqəmsallaşmanın tarazlılığının təmin edilməsi, xüsusilə regional inkişaf perspektivindən spesifik olaraq, bu iki aspekti vurğulamam hazırkı vəziyyətdən öyrəndiyimiz bəzi təcrübələrlə bağlıdır. Məsələn, ən sadə misallardan biri kimi həssas qrupa aid etdiyimiz yaşlı nəslin nümayəndələrinin internet vasitəsilə geniş yayılmış müxtəlif xidmətlərdən istifadə və yararlanmaq bacarığının aşağı və yaxud heç olmamasıdır. Bu əhali qrupunun bir hissəsinin heç bu xidmətlər haqqında təəssüratı yoxdur və onlar müxtəlif müasir anlayışlar haqqında eşidəndə nədən söhbət getdiyini belə anlamırlar. Vəziyyət demək olar ki, əksər dövlətlərdə belədir. Yaxud tarazlılığın təminatı mövqeyindən nəzər yetirdikdə müxtəlif onlayn xidmətlərin regionlarda yayılma səviyyəsini və populyarlığını öyrənmək yerinə düşərdi. Nəticə çox güman ki bu xidmətlərdən istifadənin populyarlığının aşağı olduğunu göstərəcək. Bu amillər inkişafın qeyri-bərabərsizliyinə yol aça bilər. Təkcə bu sadə misalları nəzərə alaraq, rəqəmsallaşmada regional tarazlığın qorunmasını və hər bir əhali qrupunun bu dəyişikliyə hazır olmasını daim gündəlikdə saxlamaq lazımdır. Bu, eyni zamanda, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinin 10-cu məqsədi olan bərabərsizliklərin azaldılması məqsədinin çağırışlarına xidmət etmiş olacaq.
Danılmaz faktdır ki, Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə regionların inkişafı üzrə inanılmaz nəticələr əldə olunub. Bu məcrada, xüsusilə 2004-cü ildən icra olunaraq dördillik dövrləri əhatə edən və hazırda 2023-cü ilədək davam edəcək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları nəticəsində əldə olunan uğurları qeyd etmək olar. Bu proqramlar çərçivəsində görülmüş mərhələli işlər nəticəsində regionlarda şəhər və kəndlərin siması köklü şəkildə dəyişib, infrastruktur təminatı və kommunal xidmətlərin keyfiyyəti yüksəlib, regionların iqtisadi potensialı və əhalinin rifah səviyyəsi artıb. Bununla belə, rəqəmsallaşma və onun gətirəcəyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyi bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqlənir.
Bu dəyişiklik kontekstində böyük iş əhalimizin də üzərinə düşür. Bu məqsədlə, xüsusilə əhalinin yuxarı yaş kateqoriyalarının üzvlərinə inkişaf terminologiyası ilə desək “lifelong learning”, yəni “həyatı boyu öyrənmə” yanaşmasının aşılanması çox yaxşı olardı. Bu onların yeni düzənə uyğunlaşma tempini xeyli asanlaşdıracaq.
Eyni zamanda, alternativ və digər ölkələrin təcrübəsində özünü sınamış kompleks tədbirlərə də diqqət yetirmək olar. Bunlardan biri kimi “ərazi-əsaslı inkişaf” yanaşmasının (“area-based development” approach) ölkəmizdə mümkün tətbiqi öyrənilə bilər.
“Bütün bunları nəzərə alaraq onu qeyd etmək istərdim ki, koronavirus pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması məqsədilə hazırlanmış geniş əhatəli dövlət dəstəyi proqramlarının əsas özəlliklərindən biri onların Azərbaycanın böhrandan sonra hədəflədiyi iqtisadi modelin ehtiyaclarına və şərtlərinə uyğun olaraq hazırlanmasıdır. Bu məcrada, yaranmış hazırkı məqamdan, eyni zamanda, yuxarıda qeyd etdiyim məsələlərin öyrənilməsində istifadə edərək, müvafiq nəticələri inkişaf planlarına inteqrə etmək uzunmüddətli inkişaf baxımından ölkəmizin maraqlarına xidmət edəcək.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı