Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 12:56
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının yay imtahan sessiyasına hazırlıqla bağlı genişləndirilmiş iclası keçirilib.
Aİİ-dən Trend-ə verilən məlumata görə, Şura sədri rektor Ceyhun Məmmədov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı üçün görülən işlərdən danışıb, Prezident İlham Əliyevin bu istiqamətində imzaladığı fərman və sərəncamlar haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqətin bariz nümunəsi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır.
C.Məmmədov bildirib ki, ali təhsil müəssisəsinin öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurması əsas məqsədlərimizdən biridir. İnstitutda tələbələrin hərtərəfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün lazımi şərait yaradılıb.
Daha sonra imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi müzakirə edilib.
İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün fakültə dekanı, kafedra müdirləri qarşısında bir sıra vəzifələr qoyulub. Tələbələrin biliklərini ifadə edə bilmələrinə maksimum şəraitin yaradılması, hər auditoriyada müəllim-koordinatorların nəzarət etmələri, imtahan prosesində baş verə biləcək neqativ halların qarşısının alınması məqsədi ilə qərarlar qəbul olunub.
İnstitutun 2018/2019-cu tədris ili yaz semestri imtahan sessiyasının yazılı, test və şifahi olaraq keçirildiyi, imtahanlar arasında 2 gündən az olmayan vaxtın təyin edildiyi, imtahana ayrılan zamanın 2 saat müəyyənləşdirildiyi barədə məlumat verilib. İclas iştirakçıları imtahan prosesində yarana biləcək xoşagəlməz halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun mütəşəkkil təşkil olunması barədə xəbərdar ediliblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin