Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 19:18
Yeni növ koronavirus infeksiyası ən nəhəng, inkişaf etmiş ölkələrin həyatını belə iflic edib və dünya dövlətləri bu xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görürlər. Böyük qürur hissi ilə demək olar ki, bu məsələdə Azərbaycan dövlətinin atdığı addımlar müsbət mənada fərqlənir və əksər ölkələr üçün nümunə göstərilir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərman, Sərəncam, göstəriş və tapşırıqları əsasında bütün mümkün önləyici və mübarizə xarakterli tədbirlər həyata keçirilir.
Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti sözügedən təhdidlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib.
V.İskəndərovun sözlərinə görə, ilkin vaxtlar ölkədə gün ərzində 200-300 test keçirilirdisə, hazırda Azərbaycanda COVID-19-la bağlı 57 mindən artıq müayinə həyata keçirilib:
"Atılan addımlar nəticəsində ölkəmizdə yeni növ koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün imkanlar artıb. Bundan əlavə, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar da alıb ki, bu da müayinələrin aparılmasını daha da sürətləndirib".
Millət vəkili bildirib ki, koronavirusun ölkə ərazisində geniş yayılmasına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər istər ölkə ictimaiyyəti tərəfindən, istərsə də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir:
"Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb. Sözügedən məktubda da vurğulandığı kimi, ÜST-ün Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir.
BMT-nin ölkəmizdəki İdarə Heyəti də COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir, həmçinin xüsusi karantin rejiminin tətbiqi barədə çağırışını və addımlarını dəstəkləyir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyi də xüsusilə qeyd edilib".
Deputat əlavə edib ki, ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması, bu kontekstdə xüsusi qaydaların elan olunması, həmçinin onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması mühüm əhəmiyyət kəsb edir:
"Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün geniş maarifləndirmə işləri aparılıb, quru və hava sərhədləri bağlanıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Ölkə üzrə 20-ə yaxın xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib.
Eyni zamanda, COVID-19 xəstəliyinin fəsadlarının azaldılması məqsədilə dövlətimizin başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq edib.
Göründüyü kimi, Azərbaycan dövləti lazım olan bütün addımları atıb və atmaqda da davam edir. İndi növbə sadə vətəndaşlarındır. Bizlər, hər birimiz bu məsələdə üzərimizə düşən məsuliyyəti dərindən dərk etməli, sosial izolyasiya tədbirləri çərçivəsində qoyulan tələblərə əməl etməliyik. Bu gün hər bir vətəndaş öz ətrafında müdafiə çevrəsi çəkməklə beşqat müdafiənin formalaşmasına yardımçı ola bilər. Yəni, hər bir kəs özünü izolyasiya etməklə ailəsinin, çevrəsinin, şəhərinin, dövlətinin, nəhayət dünyanın bu infeksiyaya yoluxmasının qarşısının alınması istiqamətində addım atmış olar".