Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 14:55
Bakı. Trend:
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Tahirə Həsənzadənin tərtib etdiyi “Azərbaycan kitabı” adlı kataloq işıq üzü görüb.
İnstitutdan Trend-ə bildirilib ki, Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanmış kataloqa XIX əsrin I yarısından etibarən dünyanın müxtəlif şəhərlərində mətbəə üsulu ilə nəşr olunmuş Azərbaycan kitablarının qısa təsviri daxil edilib. Burada XIX əsr Azərbaycan elm və mədəniyyət xadimlərinin əsərləri öz əksini tapıb. Kitabın baş elmi məsləhətçisi elmi müəssisənin direktoru, akademik Teymur Kərimli, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
Kataloqda ən qədim nəşr tarixli Azərbaycan kitabı Abbasqulu Ağa Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunmuş, fars dilinin qrammatikasından bəhs edən “Qanuni-Qüdsi” və Mirzə Fətəli Axundzadənin Tiflisdə 1859-cu ildə çap edilmiş “Təmsilat”ıdır. Ümumilikdə, 873 adda əski çap kitabını əhatə edən kataloqun sonunda əsər adlarının əlifba göstəricisi də verilib.