Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 16:03
Bakı. Trend:
Bakı şəhər Pirallahı Rayonunda da “Covid-19” virusuna qarşı ciddi tədbirlər həyata keçirilir və aztəminatlı ailələrə yardımlar paylanılır.
Trend-in məlumatına görə, Pirallahı rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
Belə ki, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə rayonda genişmiqyaslı dezinfeksiya işləri fasiləsiz olaraq davam etdirilir. Dezinfeksiyaedici məhlullarla gün ərzində iki dəfə olmaqla rayonun magistral və məhəllədaxili yolları, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış obyektləri, həyətlər, fərdi yaşayış evləri mütəmadi olaraq dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 60-dan çox canlı qüvvə cəlb olunub.
Dezinfeksiya işlərinə cəlb olunmuş işçilərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Onlara texnika və ləvazimatlardan istifadə qaydaları izah olunub. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
Rayon ərazisində koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən maarifləndirmə tədbirlərinə baxmayaraq xüsusi karantin rejiminin tələblərini pozan şəxslər də olur ki, onlar barəsində Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıq olunmaqla yanaşı, onlardan bəziləri cərimə edilir, həmçinin inzibati məsuliyyətə cəlb olunurlar. RPŞ tərəfindən bundan sonra da xüsusi karantin rejimin tələblərini pozan şəxslər barəsində qanuni tədbirlər davam etdiriləcək.
Bunlarla yanaşı RİH tərəfindən rayon ərazisində məskunlaşan 65 və yuxarı yaş həddində olan və tənha yaşayan şəxslərin qeydiyyatı aparılıb, onların evlərindən çıxmalarının qarşısının alınması məqsədilə 6 operativ qrup yaradılıb. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla telefon əlaqəsi saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunan 15 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi karantin rejimi dövrü ərzində rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşan 450-dən çox aztəminatlı ailəyə, tənha və ahıl insanlara ərzaq bağlamaları paylanılıb. Sosial yardımlar sakinlərə evlərində çatdırılıb. Qeyd edək ki, RİH tərəfindən aparılan qeydiyyata əsasən rayon ərazisində 80-ə yaxın yaşı 65-dən yuxarı olan şəxs və 500-ə yaxın aztəminatlı ailə müəyyən edilib. Onlara göstərilən yardımlar vaxtaşırı olaraq davam etdiriləcək.
Aksiyadan yararlanan aztəminatlı Pirallahı rayon sakinləri koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Rayon ərazisində koronavirus pandemiyası ilə bağlı zərərçəkən işsiz şəxslər üçün nəzərdə tutulan yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin 427 nəfərə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 62 nəfərinə artıq ödəmələr həyata keçirilib.