Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 18:45
Bakı. Trend:
Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, konfransda Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, nazirliyin məsul əməkdaşları iştirak ediblər.
Videokonfransı giriş sözü ilə açan Dövlət Xidmətinin rəisi Zakir Sultanov Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bildirilib ki, hər il bu əlamətdar gün münasibətilə qoruqlarda, tarixi məkanlarımızda abidələrin və tarixi yerlərin qorunmasının təbliği ilə bağlı müxtəlif tədbirlər, sərgilər təşkil olunurdu. Bu il isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb. Məlum şəraitlə bağlı bu il əlamətdar gün daha çox virtual formatda, o cümlədən abidələrə və tarixi yerlərə videoturlarla, virtual sərgi və digər təqdimatlarla qeyd edilir.
Tarixi abidələrə dövlət qayğısından danışan Zakir Sultanov qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə ölkə başçısı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Xidmətinin beş regional idarəsi yaradılıb.
Xidmətin rəisi arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində də işlərin davam etdirildiyini deyib. Xüsusi əhəmiyyət kəsb edən tarixi ərazilərin qorunması və bu ərazilərdə xüsusi rejimin yaradılması məqsədilə ötən il ölkə başçısının müvafiq Sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqları elan edilib. Həmin Sərəncamla qoruqların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi birləşdirilərək “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Nizami Gəncəvi Məqbərə Kompleksi isə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətlərini davam etdirəcək.
Zakir Sultanov vurğulayıb ki, Dövlət Xidməti bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirib, hazırda bu istiqamətdə layihələr davam etdirilir.
Videokonfransda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev vurğulayıb ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu sahədə ölkəmizdə və xaricdə mühüm işlər həyata keçirilir. Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Nazir ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği istiqamətində Dövlət Xidmətinin həyata keçirtdiyi işlərin əhəmiyyətini qeyd edib.
Əbülfəs Qarayev ötən il ölkəmizdə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının uğurla keçirildiyini və Şəkinin tarixi hissəsinin Xan sarayı ilə birgə Dünya İrsi Siyahısına daxil edildiyini diqqətə çatdırıb. Bildirib ki, 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Nazir deyib ki, bu il İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20 illiyi tamam olur. Bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə birlikdə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Əbülfəs Qarayev çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Nazir, həmçinin koronavirus infeksiyası üzündən yaranmış şəraitə diqqət çəkərək bu günlərdə sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, elektron xidmətlərin əhatəsinin və səviyyəsinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxışında xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində qoruğun fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, qoruğun əməkdaşları virtual formada öz fəaliyyətlərini davam etdirir, vətəndaşlara xidmət göstərirlər.
İçərişəhərdə aparılan bərpa və konservasiya işlərindən danışan Əsgər Ələkbərov vurğulayıb ki, Bakı xanlarının iqamətgahı və burada aşkar olunmuş XVII-XVIII əsrlərə aid edilən hamamda işlər yekunlaşmaq üzrədir. Koronavirus problemi olmasa idi, bu günlərdə işlər tamamlanacaqdı.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə mədəni irsə, tarixi və memarlıq abidələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin xüsusi nəzarəti altında icra olunur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyev ölkəmizdə həyata keçirilən arxeoloji tədqiqatlar barədə məlumat verib. Azərbaycanın arxeoloji abidələrlə zəngin olduğunu deyən alim bu istiqamətdə araşdırmaların davam etdiyini diqqətə çatdırıb.
Videokonfransın sonunda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyəti bir daha qeyd olunub.