Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 19:36
Bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.
Dövlət başçısı bildirib: "Ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanaraq, biz ilin əvvəlində 37 min iş yerinin açılmasını nəzərdə tuturduq. Onu da bildirməliyəm ki, artıq bu proqram 3-4 ildir həyata keçirilir. Artıq bəzi insanlar, hansılar ki, ilkin mərhələdə bu işlərə cəlb edilmişdilər, sonra daha da yüksək maaş imkanına malik başqa iş yerlərinə keçdilər. Ona görə biz bu proqramı təqribən 30-40 min ətrafında nəzərdə tuturduq. Ancaq pandemiyaya görə və işsizliyin qaçılmaz artımını nəzərə alaraq mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. Bu məsələ ilə bağlı biz sizinlə əvvəllər də danışmışıq. İndi mexanizm daha şəffafdır. Çünki əfsuslar olsun ki, ilkin mərhələdə burada nəzarət sıfır səviyyəsində idi və bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək, aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də mənimsəyirdilər. Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini, öz əcdadlarını biabır ediblər, öz yaxınlarına, dövlətə böyük ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud da iş qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Nəzərə alsaq ki, biz minimum əməkhaqqını 250 manata qaldırdıq, ancaq onu da mənimsəyib, kartları özündə saxlayıb, kartlardan pul çəkib varlanırdılar. Bu, həm cinayətdir, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz. Ona görə bütün aidiyyəti orqanlar bundan sonra bu məsələyə çox böyük diqqət verməlidirlər. Mən vətəndaşlardan da xahiş edirəm, kimin ki, adı bəlkə indi də yazdırılır və əməkhaqqı almır, onlar da bu məlumatı bizə versinlər. Beləliklə, biz 90 min işsizi ictimai işlərlə təmin edəcəyik.
Özünüməşğulluq proqramına gəldikdə, biz keçən dəfə də bu məsələ ilə bağlı danışmışıq. Hesab edirəm ki, 12 min insanı bu il bu proqrama cəlb etməyimiz çox yaxşı rəqəmdir. Bizim təşəbbüsümüzlə həm Dünya Bankı bu proqrama qoşulub, həm də Azərbaycan bankları ilk dəfədir ki, bu proqrama qoşulur. Ümid edirəm, Azərbaycan bankları gələn il bu kateqoriyadan olan daha çox sayda insana kömək göstərəcəklər.
Bir də mən sizə tapşırmışdım ki, ünvanlı sosial yardımı alanların sayı artırılsın".