Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 14:04
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər təkcə bu gün üçün deyil, postpandemiya dövrü üçün də kifayət qədər böyük əhəmiyyət kəsb edir. Görülən tədbirlər postpandemiya dövründə ölkəmizdə iqtisadi fəallığın və pandemiyadan əvvəlki sosial-iqtisadi inkişaf templərinin sürətli bərpasına şərait yaradacaq.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib
A.Həsənova bildirib ki, Bu gün koronavirus pandemiyası dünya iqtisadiyyatına kifayət qədər böyük zərbə vurub, dünyada iqtisadi fəallıq xeyli aşağı düşüb, ölkələr arasında iqtisadi ticarət əlaqələri əhəmiyyətli dərəcədə zəifləyib. Eyni zamanda, ölkələr daxilində tətbiq edilən karantin rejimi səbəbindən bir çox istehsalat sahələri fəaliyyətini dayandırıb. Dünyanın nəhəng şirkətlərinin belə iflasa doğru getdiyi, işçilərini ixtisara saldıqları barədə məlumatların şahidi oluruq. Bir sıra ölkələr isə koronavirus səbəbindən xarici borclanmaya getmək məcburiyyətində qaldıqlarını bəyan ediblər.
Millət vəkili qeyd edib ki, Azərbaycanda isə bütün problemlərin qarşısını almaq üçün əvvəlcədən anti-böhran tədbirləri düşünülmüşdü:
"Ölkəmizdə virusun yayılmasının qarşısının alınması ilə paralel olaraq, sosial-iqtisadi və məşğulluq problemlərinin önlənməsi istiqamətində də zəruri tədbirlər görülmüşdü. Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı konkret təkliflər hazırlamaq üçün dörd işçi qrupu yaradıldı. Dövlət tərəfindən sahibkarlara maliyyə yardımı edildi, dövlətin dəstəyi hesabına özəl sektorda işçilərin məşğulluğu təmin edildi. Belə bir şəraitdə heç kimin işdən çıxarılmaması şirkətlərin kadr potensialının qorunub saxlanmasına şərait yaratdı".
A.Həsənova qeyd edib ki, bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara, fiziki və hüquqi şəxslərə genişmiqyaslı vergi güzəştləri, o cümlədən sosial ödənişlərlə bağlı güzəştlərlə bağlı təkliflər hazırlanıb:
"Bu güzəştlər çox ciddi bir addımdır və Azərbaycanda biznes mühiti qorunub saxlanmasına imkan verir. Görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək".
Deputatın sözlərinə görə, bu tədbirlərin arxasında ölkəmizdə indiyə qədər əldə olunan böyük iqtisadi nailiyyətlər dayanır:
"Azərbaycan bu tədbirləri öz daxili imkanları hesabına həyata keçirdi. Dövlətin göstərdiyi dəstək sayəsində heç bir sahibkar, hüquqi və ya fiziki şəxs fəaliyyətini dayandırmadı. Artıq aprelin 27-dən müəyyən iş sahələrinin fəaliyyəti bərpa olunur. İnanıram ki, yaxın günlərdə digər iş sahələrinin də fəaliyyəti bərpa olunacaq və həyat öz axarına qayıdacaq".