Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 11:04
Bakı. Trend:
Sumqayıt şəhərinin Corat, Hacı Zeynalabdin Tağıyev qəsəbələrində, 21-ci mikrorayon ərazisində, həmçinin “Yaşıl Dərə”, “Qurd Dərəsi”, “Xəzər Bağları” yaşayış massivlərində və 5 məhəllədə ümumi uzunluğu 21,4 kilometr olan küçə və yolların təmirinin həyata keçirilməsi nəzərdə tutulub ki, artıq bu istiqamətdə işlərə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, təmir işlərinin ümumilikdə əhatə edəcəyi sahə 150 min kvadratmetrdir. Əsaslı təmir işləri əsasən uzun müddət istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Hazırda 18-21-ci məhəllələrin daxili yollarında və 21-ci mikrorayon ərazisində yerləşən küçələrdə təmir-tikinti işləri həyata keçirilir. Sözügedən ərazilərdə aparılan əsaslı təmir işləri 5,8 kilometr uzunluğa malik küçə və yolları əhatə edir. Aparılan işlərin sahəsi isə 40 min kvadratmetrdir. Təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Yaxın günlərdə təmir-tikinti işlərinə Corat qəsəbəsinin 3,6 kilometr uzunluğa malik küçələrində başlanılması nəzərdə tutulur. Qəsəbədə təmir işlərinin aparılacağı ümumi sahə 25 min kvadratmetrə yaxındır.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin, “Yaşıl Dərə, “Qurd Dərəsi” və “Xəzər Bağları” yaşayış massivlərində, həmçinin “Kotec” məhəlləsinin 12 kilometr uzunluğa malik küçə və daxili yollarında da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinin aparılacağı sahə 85 min kvadratmetrdir.
Sumqayıt şəhəri üzrə qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, agentlik tərəfindən şəhər üzrə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.