Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 23:04
Beynəlxalq ekspertlər Azərbaycanda vaxtında həyata keçirilən önləyici tədbirlərin effektivliyini təqdir edirlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O əlavə edib ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi səviyyəsində də Azərbaycan tərəfinin koronavirus pandemiyasının qarşısının alınması istiqamətində atdığı addımların çox effektiv olduğu qeyd edilib:
"Bu sırada bir çox məqamı qeyd etmək olar. İlk növbədə pandemiya ilə mübarizədə digər ölkələrin təcrübələrinin öyrənilməsi, ÜST ilə yüksək səviyyədə əməkdaşlıq, vətəndaşların müəyyən ölkədəki vəziyyəti və karantin müddətinə uyğun olaraq gətirilməsi kimi məqamları qeyd etmək olar. Nəzərə almaq lazımdır ki, bu gün pandemiya ilə hər bir ölkə müxtəlif cür mübarizə aparır. Təbii ki, məqsəd bütün ölkələr üçün eynidir - infeksiyanın yayılmasının qarşısını almaq. Lakin görülən tədbirlərin nə dərəcə effektiv olması vacib məqamdır".
Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan tərəfi ilk andan etibarən pandemiya ilə əlaqədar mövcud vəziyyətə uyğun ən doğru addımları atıb:
"Aprelin 5-dən etibarən bizim qonşu ölkələrlə gediş-gəlişimiz dayandırıldı. Hər bir ölkəyə xüsusi notayla müraciət olunaraq bildirilib ki, bu tədbirlər müvəqqəti xaratker daşıyır. Eyni zamanda bu qərar yükdaşımalara şamil olunmadı. Bununla da Azərbaycan hökuməti vəziyyətə nəzarəti həyata keçirərək, həm də xaricdəki vətəndaşların ölkəyə qaytarılması ilə bağlı müvafiq addımlar atır. Burada söhbət dünyanın çoxsaylı ölkələrində yaşayan vətəndaşlarımızdan gedir. Təqribən 60-a yaxın ölkə adı qeyd edə bilərik ki, orada bizim vətəndaşlarımız var.
Həmçinin vətəndaşlarımızın ölkəyə qayıtmaqla bağlı müraciətlərinə baxılarkən müxtəlif məqamlar nəzərə alınırdı. Onların arasında azyaşlılar da var idi, müalicə üçün xaricə üz tutan şəxslər də var idi. Belə olan halda, 15 min vətəndaşın geri qaytarılması prosesində təbii ki, bu kimi incə məqamlar da qeydə alınırdı".