Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 11:40
Bakı. Trend:
“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi prioritet hədəfinin icrası çərçivəsində mütəmadi tədbirlər həyata keçirilir. Koronavirusun yayılmasının məhdudlaşdırılması məqsədilə banklar tərəfindən vətəndaşlara təqdim olunan xidmətlərdən təhlükəsiz yararlana bilməsi məqsədilə əhalinin maliyyə savadlılığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) Trend-ə bildirilib ki, bu məqsədlə Azərbaycan Mərkəzi Bankı, ABA, Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrə Hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (SBFIC) birgə əməkdaşlığı əsasında maarifləndirici xarakterli videoçarxlar hazırlanıb.
Mərkəzi Bank və ABA-nın birgə təşəbbüsü ilə animasiya formasında hazırlanan bu videoçarxlar qlobal pandemiya dövründə internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, təsərrüfat subyektlərində alış-veriş zamanı koronavirus infeksiyasından qorunmaq üçün ödəniş kartları ilə təmassız ödənişlərin aparılması, habelə mobil bankçılıq xidmətlərindən istifadə və kart hesabının balansının təhlükəsiz formada artırılması üsullarını özündə əks etdirir.