Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 12:14
Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və onun 1 saylı DOST mərkəzinin (Səbail, Yasamal) açılışının bu gün 1 ili tamam olur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi ölkəmizdə dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verdi. DOST Azərbaycanın artıq yeni brendinə çevrilir.
DOST layihəsi üzrə bu 1 ildə 100 min vətəndaşa əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət "bir pəncərə"dən, tam şəffaf şəraitdə təqdim edildi. 96 faiz vətəndaş məmnunluğuna nail olundu. 330 mindən çox vətəndaş zəngi cavablandırıldı.
"Könüllü DOST" proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır və könüllü DOSTların sayı artıq 300-ə çatıb.
DOST mərkəzləri şəbəkəsi getdikcə genişlənir. 2019-cu ilin dekabr ayında Bakının Xəzər rayonunda 2 saylı Bakı DOST mərkəzi (Xəzər, Pirallahı) açılıb.
Yaxın günlərdə isə paytaxın Nizami rayonunda 3 saylı DOST mərkəzi açılacaq. Bu il həmçinin Binəqədi, Abşeron, Quba və Bərdə rayonlarında, Sumqayıt şəhərində DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılmaqla, bu işlərin sürətlə aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.