Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''4 uşaq böyütmüşəm, nə əl qaldırmışam, nə də cəzalandırmışam'' - Gör-götür - FOTO

''4 uşaq böyütmüşəm, nə əl qaldırmışam, nə də cəzalandırmışam'' - Gör-götür - FOTO

Tarix: 10 May 2020 19:10

Dilşad Ağalarova: "Deyirlər ki, evdə iki nəvə var, bacarmırıq, sən fərqli yaşlarda, fərqli millətlərdən olan ailələrin uşaqlarına necə baxırsan?"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda yaşadığı müddətdə aktiv fəaliyyət göstərib. 30 ilə yaxın universitetdə müəllim kimi çalışıb, 10 ildən çox yaratdığı Sülh Qeyri-Hökumət Humanitar Təşkilatına rəhbərlik edib. 62 yaşında Kanadaya köçməli olub. Yorulmayaq bilmədiyi üçün orda da özünə fərqli məşğuliyyətlər tapıb. Azərbaycanlıların uşaqlarına ana dili öyrədib, universitetdə tələbələrə könüllü şəkildə rus dili dərsi keçib, indi isə evində bağça yaradıb, uşaqlara baxır.

"Kanadada mağazaya gedəndə, Azərbaycan istehsalı olan məhsulları almağa çalışıram. Niyə xeyri öz ölkəmə, həmvətənlərimə deyil, başqalarına verim ki?" - deyən müsahibimiz Kanadanın Kalqari şəhərində yaşayan 70 yaşlı azərbaycanlı xanım Dilşad Ağalarovadır.

- Dilşad xanım, 29 il universitetdə rus dili və ədəbiyyatı müəllimi olaraq çalışmısınız. Pedaqoji fəaliyyətdən tez uzaqlaşmağınızın səbəbi nə idi?

- Mən o vaxt Axundov adına Pedaqoji İnstitutda təhsil almışdım. Təhsilimi başa vurandan sonra institutda müəllim kimi çalışmaq təklif olundu, mən də qaldım. Sonra adı dəyişib Bakı Slavyan Universiteti oldu. Bəli, uzun illər auditoriyada tələblərə dərs keçmişəm. Ovaxtkı qaydalara görə 4 uşağı olan qadınlar 50 yaşdan sonra pensiyaya çıxa bilirdilər. Mənim də 4 uşağım var idi və 51 yaşımda pensiyaya çıxdım.

- Amma pensiyaya çıxmayıb işləyə də bilərdiniz.

- Mən müəllimlik peşəsini sevirdim və işimi zövqlə görürdüm. Ancaq müəllimlərin maaşı o vaxt çox az idi. Aldığım maaş heç maşınımın yanacaq pulunu qarşılamırdı. Övladlarım pul cəhətdən problemlə üzləşməyə qoymayıblar, ancaq mən bu xərcləri də onlara yükləmək istəmirdim. Başqa şərtlərlə işləyən müəllimlərdən də olmamışam. Heç bir tələbəm deyə bilməz ki, ondan pul almışam. Həmişə tələbə imtahanda qarşımda oturanda, fikirləşirdim ki, 4 uşağım universitetdə oxuyur, hamısından pul istəsələr, neyləyərdim?

Üstəlik mən Sülh Qeyri-Hökumət Humanitar Təşkilatını yaratmışdım və orda aktiv şəkildə fəaliyyət göstərirdim. İnsanlara, cəmiyyətə faydamı bu yolla da verə bilirdim.

- Təşkilatı yaratmağınız necə oldu? Nə zaman fəaliyyətə başladı?

- 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıları deportasiya etməyə başladılar və bu, 250 minə yaxın şəxsin qaçqın olmasına gətirib çıxardı. Eyni zamanda mehseti ürkləri də Azərbaycana gəlməyə başladılar. 55 min də onlar idi. Bu da o demək idi ki, evsiz-eşiksiz, yardıma ehtiyacı olan şəxslərin sayı artmışdı. O vaxt universitetdə işləyən müəllimlər pul yığıb qaçqınlara dəstək olmaq qərarı verdik. Kimi pul, kimi geyim, kimi qida və s. ilə yardım göstərirdi. Kimdə nə var idisə. Qızım dedi ki, sizin maaşınız çox deyil və bu cür yardımla daha az faydanız dəyir. Ondansa, təşkilatı kimi qeydiyyatdan keç, layihə yaz, qrant al və bu üsulla qaçqınlara və imkansızlara kömək et. Komandanı yığıb işə başladım. Təşkilatı Sumqayıtda yaratdım. Çünki Bakıda fəaliyyət göstərən təşkilat çox idi. 1996-cı ildə təşkilat kimi işə başladıq, 1998-ci ildə təşkilatı qeydiyyatdan keçirdik. İlk vaxtlar Danimarka Qaçqınlar Şurası bizə dəstək oldu. Qrant ayırırdı, işçilərimiz üçün treninqlər keçirdi.

Fəaliyyət göstərdiyimiz müddətdə Azərbaycan üzrə 170 layihə işlədik. Yaponiya, Amerika, İngiltərə, Almaniya və s. ölkələrdən qrant alırdıq. Azərbaycanda "Azercell" şirkəti ilə layihəmiz olmuşdu. Dünya nəhənglərindən olan "ExxonMobile" şirkəti ilə bir yerdə bütün məcburi köçkün şəhərciklərində xeyir-şər evi tikmişdik. Birləşmiş Millətlər Təşkilatının müxtəlif təşkilatları ilə çalışdıq. 2001-ci ildən isə Kanada ilə işləməyə başladıq. 4 il Kanada hökuməti bizim təşkilata qrant ayırdı. Bu qrantları nələrə xərcləyirdik? İmkansız, çoxuşaqlı və qaçqın-köçkün ailələrinin uşaqlarını universitetə hazırlaşdırmaq, ilkin tibbi yardımla, qadın hüquqları ilə bağlı layihələrimiz olub. 

Naxçıvandan başqa, Azərbaycanın bütün bölgələrində layihələr icra etmişik. Kəndlərdə artezian quyuları vururduq, Kürdəmirdə 2 kəndə yol, birinə qaz çəkdik, bir kəndində məktəb tikdik, birində təmirini apardıq. Şamaxıda, Saatlıda məktəb, Kürdəmirdə tibb məntəqəsi tikmişik. Rayon mərkəzinə uzaq kəndlərdə bu işləri edirdik.

Onu deyim ki, təşkilatda könüllü işləyirdim, maaş almırdım. Qrantlarda nadir hallarda işçilərə maaş yazılır. Mən onu işçilərə verirdim, özümə götürmürdüm. Çünki pensiya alırdım, uşaqlarım böyümüşdü, maaş alırdılar.

- Təşkilat bağlanıb?

- Rəsmi olaraq yox, amma artıq fəaliyyət göstərmirik. Çünki mən Kanadadayam, burdan ora işləri görə bilmirəm.

- Bəs Kanadaya köçməyiniz necə oldu? 

- Qızım işiylə əlaqəli Kanadaya köçmüşdü, mən də onun yanına gəlməli oldum.

- Kanadaya bundan əvvəl getmişdiniz?

- 2001-ci ildə Kanadaya konfransla bağlı səfər etmişdim. Münaqişə olan 55 ölkədən nümayəndə gəlmişdi. Bircə dəfə Kanadada olmuşdum.

- 62 yaşınızda köçməyə razı olmusunuzsa, deməli, Kanada xoşunuza gəlib.

- Mən konfransla bağlı gələndə yalnız Toronto şəhərində oldum. O vaxtın Torontosunu daha çox bəyənirəm. Səfər may ayına - Analar bayramına təsadüf etmişdi. Gürcüstandan olan nümayəndə ilə şəhəri gəzirdik, bir qucaq qızıl güllə otelə qayıtdıq. Çünki Analar günü küçədə gördükləri bütün qadınlara bir qızıl gül bağışlayırdılar. İnsanları xoşuma gəldi. Səmimi, gülərüz təəssüratı bağışladılar.

Küçələri təmizdir, heç kim yerə zibil atmır, heç kim ictimai nəqliyyata minəndə irəli keçmək üçün başqasını itələmir, əlillər, yaşlılar, hamilə qadınlar üçün nəzərdə tutulan oturacaqlar boş olsa da, oturmurlar. Belə deyil ki, oturum, adam gələndə, ayağa duraram. O yerlər boş qalır.

- Ancaq soyuq ölkədir. Soyuğa, şaxtaya necə alışdınız?

- Biz yaşadığımız şəhərdə ən çox mənfi 35-40 dərəcə soyuq olub. Bu havaya öyrəşmək o qədər çətin deyil. Mən dekabr ayında burda geyindiyim paltarla Bakıya getdim və orda üşüdüm. Bakıda nəmişlik var, külək də olanda, adam sümüyünə qədər donur. Amma burda quru havadır. Ona görə şaxta o qədər hiss olunmur. Düzdür, 5-10 dəqiqə küçədə qalsan, burnun donar, ona görə qışda, belə havada ancaq burnun görünür. Geyimlər havaya görədir. Həm də belə havada küçədə niyə durasan ki? Avtobus, metro dəqiqəsi ilə gəlir, hamı vaxtını bilir və dayanacağa elə vaxt gəlir ki, gözləməyə ehtiyac olmur. Metro və avtobus dayanacaqlarında qızdırıcı sistemlər də var.

- Azərbaycanda aktiv olmusunuz, Kanadaya köçəndən sonra bəs bu aktivliyi nə ilə əvəz etdiniz?

- Mənim hobbim yemək bişirməkdir. Əsəbiləşəndə mətbəxə girirəm. Bura gələndən sonra yemək bişirirdim, parklara gedirdim. Yeməyini, çayını götürüb istənilən parkda rahat oturub yeyib-içə bilərsən. Parklarda ayaqyolu, isti su, zibil qabı var. Bir müddət belə davam etdim, yenə də darıxırdım. Sonra gördüm ki, azərbaycanlı ailələrin burda doğulan uşaqları ingilis dilində danışırlar və Azərbaycanda yaşayan nənə-babaları, qohumları ilə ünsiyyət qura bilmirlər. Dedim ki, o uşaqlara Azərbaycan dilini öyrənməkdə kömək edəcəm. Könüllü şəkildə şənbə və bazar günü uşaqlara Azərbaycan dili kursu təşkil etdim. İstəyən olanda, rus dili də öyrədirdim. Valideynlər işləyirlər deyə, ancaq şənbə və bazar günləri gətirə bilirdilər. Sonra gördüm ki, şənbə və bazar olan bu iş də mənə az olur.

Nəvəm Kalqari Universitetində oxuyurdu, bir gün dedim ki, universitetə mənim adımdan məktub yazaq. Rus dilini bildiyimi və universitetdə tələbələrə könüllü şəkildə bu dili öyrətmək istədiyimi məktubda qeyd etdim. 2 saat sonra e-mail yazdılar ki, filan vaxt, filan korpusda, filan auditoriyaya gələ bilərsiniz. İlk vaxtlar həftədə bir gün dərs ayırdılar, dedilər ki, görək tələbələr səni necə istəyirlər? Qısa vaxtda tələbələrim çoxaldı və dərsimi 3 dəfə etdilər. Bu işə başlayanda, 62 yaşım var idi. 4 il tələbələrə o cür könüllü dil öyrətdim. 

Sonra gördüm ki, mən bununla da yorulmuram. 2016-cı ildə dedim ki, öz bağçamı yaradım. Bağça yaratmaq deyəndə ki, lisenziya almaq lazım deyil. Vergini ver, valideynlə müqaviləni bağla, işlə. Bu üsulla bir nəfər 6 uşaq götürüb bağça kimi işləyə bilər. 10 uşaq götürsən, lisenziya almalısan. Mən tək olduğum üçün 6 nəfərdən çox olmaz. Uşaqlarla əməlli-başlı məşğul oluram. Yemək-içməyi ilə kifayətlənmirəm. Fərqli ölkələrdən uşaqlar var. 

- Ev mühitində uşaqlar ipə-sapa yatmaz olurlar. Onlarla necə bacarırsınız?

- Burda oğul-qızıyla yaşayan azərbaycanlı xanımlar var, deyirlər ki, evdə iki nəvə var, bacarmırıq, sən fərqli yaşlarda, fərqli millətlərdən olan ailələrin uşaqlarına necə baxırsan? Deyirəm ki, uşaq gələndə, ilk 2 həftə mənə çətin olur. Sonra uşaq buranın qayda-qanununu öyrənir. Bizim evdə bir metr hündürlüyündə böyük dibçək gülləri var. Onun heç birinə 4 ildə heç bir uşaq zərər vurmayıb. Valideynlər uşaqlarını ilk dəfə gətirəndə, evlə tanış olurlar. Gülləri görəndə, deyirlər ki, bunu uşaqlar dağıdacaq. Deyirəm ki, yox, uşaq elə etməyəcək. Niyə etmədiklərini də deyim. Çünki uşaq ilk dəfə gələndə əlimdə su onu gülün yanına aparıram. Deyirəm ki, sən su içmək istəyirsən? Deyir hə. Deyirəm ki, gül də su içmək istəyir. Deyirəm ki, sənə əl vuranda, yıxılanda ağrıyırsan? Deyir ki, hə. Deyirəm ki, güllə də kobud davrananda sınır, ağlayır. Bu üsul çox effektiv olur. Uşağı döymək yox, başa salmaq lazımdır. 4 uşaq böyütmüşəm, nə əl qaldırmışam, nə də cəzalandırmışam. Nəvələrim də elə. Şillənin ağrısı 2 dəqiqə sonra keçir. Uşaq fikirləşəcək ki, bu dəfə də yaramazlıq edim, uzağı bir-iki şillə yeyəcəm. "Uşaq qanmır" yanaşmasını qəbul etmirəm. Sakit başa salanda, çox yaxşı anlayır.

- Bu iş hissəsi, bəs işdən kənar vaxtınızı necə keçirirsiniz?

- İşdən kənar da aktivəm. Burdakı azərbaycanlı ailələrinə gələn yaşlı qadınlarla "Nənəşkalar qrupu" yaratmışıq. Ayda bir dəfə görüşürük. Nərd, şaşki yarışları keçiririk. Nənələrin nərd yarışı çox gözəl olur, biləsiniz.

Eyni zamanda ingilis dili kursuna gedirəm. Orda da çoxu yaşıdlarımdır. Qrupda hər millətin nümayəndəsi var, amma biz postsovet ölkələrindən olan şəxslərlə öz qrupumuzu yaratmışıq. Ayda bir dəfə də onlarla görüşürük.

Qızımla yaşıd olan başqa bir qrup da var, onlarla da görüşürəm. 

Bir də nəvəm yaşda olan, burda oxuyan, işləyən azərbaycanlı gənclərlə də əlaqələrim yaxşıdır. Onlarla da görüşürəm.

Gördüyünüz kimi 4 ayrı qrupum var. Məndə dayanmaq yoxdur, sosial insanam, belə şeyləri sevirəm.

- Azərbaycana tez-tez gəlirsiz, yoxsa?

- Hər yay gəlməyə çalışıram. Bu il qeyri-müəyyəndir. Səfirliyə yazmışam ki, getmək istəyirəm, köməklik göstərsinlər. Bir qızım və bir oğlum ordadır, o biri oğlum da yayda Bakıya gəlir.

Onu da deyim ki, biz Vətəndən uzaqda olsaq da, Azərbaycanı unutmuruq. Burdakı azərbaycanlıların bir-biriylə münasibəti çox yaxşıdır. Milli bayramlarımızı qeyd edirik, adət-ənənələrimizi unutmuruq. Məclislərimizdə milli rəqslərimizi edirik. Eyni zamanda, 28 May - Respublika günü Kalqari şəhər meriyasının qarşısında bayrağımızı qaldırırıq. Bir gün bayrağımız orda dalğalanır.


Etiketlər:  uşaq böyütmüşəm qaldırmışam cəzalandırmışam Gör götür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ