Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 15:32
Metroda sosial məsafənin qorunması, stansiyalara yalnız icazəsi və tibbi maskası olan şəxslərin buraxılması nəticəsində sərnişin daşımada kifayət qədər azalma müşahidə olunur. Bu da, öz növbəsində, bir sərnişinin daşınması üçün çəkilən xərcin artmasına səbəb olub. Məhz bunu nəzərə alaraq, son günlər sosial şəbəkələrdə metroda gediş haqqının artacağı ilə bağlı xəbərlər yayılır.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Xalid Kərimli - İqtisadçı: "Biz bundan da əvvəl dəfələrlə metro rəhbərliyinin bəyanatlarını da eşidirdik ki, bir nəfər sərnişinə düşən xərcin maya dəyərini onun qiyməti qarşılamır. İndiki məqamda sərnişin daşımanın daha da azalması maya dəyərini daha da artıracaq, sərnişin daşımanın maya dəyəri qiyməti dəfələrlər üstələmiş olacaq".
Bununla belə, ekspertlər hesab edirlər ki, indiki məqamda metroda gediş haqqının qaldırılması sosial problemlərin artmasına və əhalinin xərclərinin yüksəlməsinə səbəb ola bilər.
Azər Allahverənov - Ekpert: "Birmənalı şəkildə bunun qiymətin qaldırılaraq tam şəkildə sərnişinlərin üzərinə qoyulması da düzgün deyil. Qiymətin qaldırılması mən düşünürəm ki, əslində, insanların maraqlarına ziddir və onların rifahının pisləşməsinə gətirib çıxaran hal ola bilər".
Xalid Kərimli - İqtisadçı: "Bunun ən ağlabatan hissəsi dövlət tərəfindən subsidiyaların artırılmasıdır. Lakin, eyni zamanda, metro rəhbərliyi öz xərclərinə yenidən baxmalıdır. Metroda xidmətin keyfiyyətinə təsir göstərməyən xərclərin ləğvinə çalışmalıdır ki, maya dəyəri aşağı düşsün".
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda sərnişinlərin sayının 8-10 dəfə az olduğunu deyən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, metroda gediş haqqının artırılması gündəmdə deyil:
"Hazırda metroda sərnişindaşıma hardasa 52 qəpiyə başa gəlir. Təbii ki, bu fərqin olduğu kifayət qədər hiss olunur. Lakin son günlərdə yaranmış şayiələrin hər hansı əsası yoxdur. 2-ci bir yaranan şayiə o oldu ki, guya ki, Bakı metrosunda hərəkətin ən yüksək səviyyədə təşkil etmək üçün qatarlar alınmalıdır. Yəni bu da tamamilə əsassız bir fikirdir".
Qeyd edək ki, 2018-ci ilin iyulunda "Bakı Metropoliteni"ndə sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik müəyyən edilib.