Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda

Tarix: 14 May 2020 19:03

Sonxeber.net newtimes.az-ın yazısını təqdim edir:

(əvvəli newtimes.az-ın 21 aprel tarixli sayında)

Biz Ermənistanın baş naziri Nikol Paşinyanın Qafanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərlə bağlı yazımızı davam etdiririk. Onun söylədiklərində məntiqsizlik və arqumentsizlik geniş yer alıb. Bununla yanaşı, N.Paşinyanın məlum məsələlər barədə məhz indi danışması da təsadüfi deyil. Rəsmi İrəvan siyasi-diplomatik sferada küncə sıxışdırılıb. Artıq beynəlxalq aləm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində israrlıdır. Onun həlli çərçivəsi də müəyyənləşib: Madrid prinsipləri və Helsinki Yekun Aktı burada baza rolunu oynamalıdır. Bunun fonunda isə N.Paşinyan Dağlıq Qarabağdakı qanunsuz rejimin də danışıqlar prosesinə daxil olması məsələsini qaldırmağa çalışdı. Azərbaycan rəhbərinin qətiyyətli və əsaslı mövqeyi ilə bu təxribatın da qarşısı alındı. Belə görünür ki, indi N.Paşinyan ortaya yeni təxribat atmağa cəhd göstərir. O, guya sirr açırmış kimi mətbuatda getmiş məlumatları bir yerə toplayıb, sənəd kimi təqdim edir. Buna ekspertlər maraq göstərsə də, ATƏT-in Minsk qrupunun həmsədrləri ciddi etirazlarını bildiriblər. Çünki bu cür davranış konfidensiallıq şərtinə ziddir.

Ucuz sensasiya: manevr sahəsi tükənəndə

Mənzərəyə geniş aspektdə baxsaq, əslində, Nikol Paşinyan bir zamanlar maraqlarını müdafiə etdiyini dediyi erməniləri yalnız daxili situasiya məsələsində aldatmır - o, başlıca olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər etdiyi spekulyasiyaların başında çatlamaqda olduğundan əməlli-başlı qorxur. Bu hiss altında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlardan bəhs edəndə, növbəti ziddiyyətlər və məntiqsizlik burulğanına düşür.

Biz belə şeylərə artıq təəccüblənmirik, çünki erməni siyasi şüurunun apatiyalarını bir neçə əsrdir ki, hamı kimi biz də müşahidə edirik. Ancaq indi söhbət konkret olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesindən gedir və həmin səbəbdən də hətta N.Paşinyanın nə dediyinə fikir verməliyik. Onu vurğulayaq ki, bu adam hakimiyyətə gələndən absurdluğu ilə yanaşı, təxribat xarakterli sözləri ilə də diqqət çəkib. Ermənistan KİV-in "sensasion" adlandırdığı fikirləri də bu qəbildəndir.

Həmin kontekstdə öncə onu vurğulayaq ki, N.Paşinyan danışıqlarla bağlı ifadə etdiyi sözləri ilə özündən əvvəlki Ermənistan rəhbərliyi ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinə də qarşı hörmətsizlik edib. Çünki danışıqların şərtləri daxilində gizlilik (konfidensiallıq) də vardır. Daim sülh yolu ilə həll prosesinə sadiqliyi haqqında pafosla danışan Ermənistan hakimiyyəti quyruğu qapının arasında qalan kimi havadarlarını belə çətin vəziyyətdə qoymağa başladı. Təsadüfi deyil, həmsədrlər N.Paşinyanın Qafandakı mətbuat konfransında dediklərinə görə xarici işlər naziri Zöhrab Mnatsakanyanı möhkəm danlayıblar. Məsələnin bu tərəfi ilə işimiz yoxdur: öz uşaqlarıdır, istəyərlər danlayarlar, istəyərlər dağlayarlar!

Ancaq münaqişənin danışıqlarla həlli prosesi prizmasından baxdıqda, N.Paşinyanın növbəti informasiya təxribatı etdiyini görürük. O, Serj Sarkisyanın apardığı danışıqlarda masa üzərində olan şərtləri sadalamaqla faktiki olaraq Minsk qrupunun işini davam etdirməsinə maneçilik törədir, ona qarşı təxribat edir. Bu da tanış ssenaridir. Dəfələrlə Azərbaycan rəhbərliyi rəsmi İrəvanın danışıqları pozmaq üçün müxtəlif təxribatlara əl atdığı haqqında yüksək səviyyədə fikir bildirib. İndi "demokrat" Nikol "avtoritar" Serjin işlətdiyi metoda əl atır. Yolüstü, Avropadakı ağalarının bir qismini də ittiham edir. O deyir ki, Ermənistanın əvvəlki rəhbərliyini Avropada bir sıra dairələr dəstəkləyib, bununla da saxta mənzərə yaradıblar. Bunu Azərbaycan tərəfi də dəfələrlə deyib və göstərib ki, Avropanın bir sıra təşkilatları və siyasətçiləri Ermənistana havadarlıq edir, onu haqsız və əsassız olaraq tərifləyirlər. Məsələn, reytinq cədvəllərində Ermənistanı bilərəkdən irəlidə göstərməyə çalışırlar. İndi bu prosesdə N.Paşinyana sərf etməyən məqam meydana çıxan kimi, özünün də içində olduğu yalanı etiraf etməli oldu.

Konkret olaraq, N.Paşinyan Qafanda deyib ki, S.Sarkisyan Dağlıq Qarabağa bitişik 7 rayonu Azərbaycana qaytarmağa razı idi, evlərindən deportasiya olunmuş azərbaycanlılar geri qaytarılmalıdır, Şuşa məsələsi ayrıca müzakirə olunmalıdır, Laçın və Kəlbəcərlə bağlı xüsusi yanaşma var, Qarabağın statusu azərbaycanlı və erməni əhalinin birgə iştirakı ilə müəyyən olunmalıdır, bölgəyə sülhməramlılar yerləşdirilməlidir və s. Bunlardan bəhs edib söyləyir: əgər Qarabağdakı ermənilər və Ermənistan xalqı həmin şərtlərə razıdırlarsa, sabahdan danışıqlara başlaya bilər.

İlk baxışdan guya erməni baş nazir xalqla məsləhətləşir, ona hörmətlə yanaşır, fikrini sayır və s. Əslində isə onun dedikləri danışıqlar prosesini populist üsulla pozmaqdan başqa bir şey deyildir. Hər şeydən öncə, ona görə ki, sənədlərdə hansı məsələlər və necə müzakirə edilir, dəqiq bilinmir. Bunu bütün ekspertlər etiraf edirlər. Birbaşa danışıqları aparanlar da ümumi prinsiplərdən bəhs edirlər, çünki konkretlikləri açmağa qadağa qoyulub. Deməli, N.Paşinyan faktiki olaraq yeni heç nə deməyib. Bir müddətdir ki, mediada gedən informasiyaları "gizli danışıqların" açığa çıxarılması kimi təqdim edərək sadə ermənilərin psixoloji durumu ilə alver edib. N.Paşinyanın dedikləri çoxdan məlumdur. Hamı bilir ki, Madrid prinsipləri və Helsinki Yekun Aktına görə, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi əsasında həll oluna bilər. Bu prosesdə də işğal altında olan ərazilərdən erməni silahlı qüvvələrinin çıxması aksiomdur. Bunun harası sirdir?

Həmsədrlərin etirazı: "uşaq" nəzarətdən çıxır?

Məsələyə bir qədər dərindən yanaşdıqda, N.Paşinyan ATƏT-in qəbul etdiyi prinsipləri düzgün saymadığını deyir. Bu da danışıqlar prosesini pozmaqdan, onun etibarını azaltmaqdan və insanları çaşdırmaqdan başqa bir şey deyildir. Sadə erməni haradan bilsin ki, Madrid prinsipləri nədir. Bunlarla yanaşı, ekspertlər N.Paşinyanın məhz indi bu təxribata əl atmasının da səbəbləri haqqında bəhs edirlər. Çünki erməni baş nazir həmin "sensasiya"nı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə növbəti görüşü ərəfəsi yayıb. Bunu həm danışıqlara təzyiq kimi, həm də erməni tərəfinin arqumentsizliyi olaraq qiymətləndirirlər. Artıq rəsmi İrəvanın manevr sahəsi qalmayıb.

Digər tərəfdən, N.Paşinyan onu da çatdırır ki, Ermənistanı vasitəçilər danışıqlar aparmağa məcbur edirlər. Yəni, onlar Azərbaycan rəhbərliyinin tutduğu mövqeni ədalətli saymağa, Bakının haqlı olduğunu qəbul etməyə sadəcə məcburdurlar. Bunun fonunda N.Paşinyanın sayıqladığına əmindirlər. Həmin səbəbdən də danışıqlara əlavə hoqqalar çıxarmadan davam etmək lazım gəldiyini ermənilərə başa salırlar. Əslində, həmsədrlər Ermənistanı hərb meydanında məğlubiyyətdən xilas etməyə çalışırlar. Necə ki, Suriyada terrorçuları türk ordusunun haqlı zərbələrindən qurtardılar, eyni ssenarini Dağlıq Qarabağ məsələsinə də tətbiq etmək istəyi görünür.

Bu baxımdan Fransa Prezidenti Emmanuel Makronun özünü yenidən ortalığa atması maraqlı görünür. O, Fransada erməni diasporu ilə görüşdə qardaşlıqdan, qədimlikdən dəm vurandan sonra "Fransa Ermənistanın yanında durmağa məhkumdur" deyib. Burada da ikili standartlar özünü göstərir. Çünki Fransa Ermənistanın yanındadırsa, onda niyə ATƏT-in Minsk qrupunun həmsədrlərindın biridir? Və ya əgər Fransa bunu deyib həmsədr olursa, bəs onda Türkiyə niyə həmsədrlərdən biri olmasın? Təbii ki, bu vəziyyəti də Avropa özünəməxsus siyasi məntiqlə izah etməyə çalışır, lakin reallığı kimsə inkar edə bilməz.

Fransa Prezidenti Azərbaycan dövlət başçısı ilə münaqişə ilə bağlı fikir mübadiləsi aparıb və rəsmi Bakı mövqeyini bir daha E.Makrona deyib. Əlbəttə, E.Makron həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini qəbul etməyə məhkumdur!

Bunların fonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin toplam olaraq 11 saat danışıqlar aparması (birinci günü 7 saat və səhəri 4 saat) təsadüfi görünmür. Ekspertlər danışıqların konkret məzmununu bilmirlər. Eyni zamanda, söhbətin konkret aspektlərdə aparıldığını təxmin edirlər. Rəsmi məlumatlarda deyilir ki, "tərəflər həmsədrlərin təqdim etdikləri gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, həmçinin münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələlərini qeyd etmək lazımdır".

Beləliklə, N.Paşinyanın Ermənistan mətbuatının "sensasiya" kimi təqdim etməyə çalışdığı fikirləri reallıqda erməni baş nazirin çox çətin vəziyyətə düşdüyünü göstərir. O, düşdüyü bataqlıqdan adəti üzrə yalan və şantajla çıxmağa çalışır. Ancaq hər tərpənişində daha da dərinə batır. Çünki haqsız və ədalətsizdir. Belə vəziyyətdə olanlarda nə real hərəkət ola bilir, nə də məntiq.


Etiketlər:  Paşinyanın məntiqsiz mövqeyi Ermənistan Azərbaycan münaqişəsinin həllinin daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ