Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU rektoru İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub (FOTO)

BDU rektoru İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub (FOTO)

Tarix: 7 Iyun 2019 15:24

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İtaliyanın Triest şəhərində yerləşən, İtaliya hökuməti, UNESCO və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində (“The Abdus Salam International Centre for Theoretical Physics” (ICTP)) olub.

Universitetdən Trend-ə verilən məlumata görə, səfər zamanı rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru, UNESCO Baş Direktorunun assistenti, Kembric universitetinin professoru Fernando Kuevedo ilə görüşüb. Hər iki ölkənin inkişafında fundamental elmlərin, xüsusilə də nəzəri fizikanın və astrofizikanın, həmçinin multidissiplinar elmi istiqamətlərin inkişaf etdirilməsinin əhəmiyyəti barədə müzakirələrin aparıldığı görüşdə uyğun sahələrdə əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik ifadə edilib. Tərəflər gələcəkdə kadr hazırlığı (magistratura, doktorantura) və elmi əməkdaşlığı gücləndirmək, fizika, astrofizika və biofizika sahələrində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.

Görüş zamanı Azərbaycan və İtaliya arasında mövcud olan elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək kimi strateji əhəmiyyətli işlərin reallaşdırılması imkanları da müzakirə edilib. Əməkdaşlıq çərçivəsində müştərək elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, seminarlar, təcrübəartırma kursları və s. təşkili nəzərdə tutulub. Görüşdə, eyni zamanda, iki qurum arasında elm, texnologiya və innovasiya sahəsində anlaşma memorandumunun və əməkdaşlıq müqaviləsinin imzalanmasının, onun əsasında fəaliyyət planının hazırlanmasının əhəmiyyəti vurgulanıb.

Rektor Elçin Babayev BDU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər haqqında məlumat verib və fikir mübadiləsi aparılıb. Rektor professor Fernando Kuevedonu BDU-ya dəvət edib.

Rektor Elçin Babayev Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində keçirilmiş “Beynəlxalq Kosmik Hava Təşəbbüsü Seminarı”nda (The International Space Weather Initiative (ISWI) Workshop) da iştirak edib. Əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə kadr hazırlığı, cihaz və qurğuların yerləşdirilməsi və kosmik hava məlumatlarının təhlili üzrə perspektivlərin müzakirə olunmasından ibarət olan seminar əsasən ISWI şəbəkələrinin daha çox əməkdaşlıq əsasında inkişafı hesabına yeni tədqiqat nəticələrinə təşviq edir.

Seminarda bu istiqamətdə çalışan beynəlxalq ekspertlər Günəş-Yer Əlaqələrinin fizikası və Kosmik Hava, Kosmik Hava cihaz və qurğuları, Günəş fizikası, Magnetosfer, İonosfer və Termosfer fizikası, Kosmik Havanın Qlobal Naviqasiya Peyk Sistemlərinə (GNSS) təsiri, bu sahədə təhsil və yeni araşdırma imkanları kimi mövzularda məruzələrlə çıxışlar ediblər. BDU-nun rektoru Elçin Babayevin “Azərbaycanda Kosmik Hava və əlaqəli sahələrdə elmi tədqiqatlar” mövzusunda məruzəsi və Azərbaycan alimlərinin bu sahədə apardığı elmi-tədqiqat işləri maraq doğurub, son illər əldə olunan elmi yeniliklər yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Beynəlxalq Kosmik Hava Təşəbbüsü Seminarı” kosmik hava tədqiqatlarında istifadə olunan elmi cihaz və qurğuların inkişaf etdirilməsi, bu istiqamətdə ölçmələrin təkmilləşdirilməsi, kosmik hava məlumatlarının digər müvafiq məlumatlarla birlikdə analizi və alınan nəticələrin kosmik hava elmi istiqamətinin inkişaf etdirilməsinə yönləndirilməsini nəzərdə tutan beynəlxalq əməkdaşlıq proqramıdır.

Seminarın koordinatorları Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos İşləri üzrə Ofisi (“United Nations Office for Outer Space Affairs” (UNOOSA)), ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (“National Aeronautics and Space Administration” (NASA)), Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitə (“International Committee on Global Navigation Satellite Systems” (ICG)), ABŞ Boston Kolleci, Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Elmi Komitə (“Scientific Committee on Solar-Terrestrial Physics” (SCOSTEP)), Beynəlxalq Geodeziya və Geofizika Birliyi (“International Union of Geodesy and Geophysics” (IUGG)), Atmosfer Araşdırmaları Mərkəzi (“Centre for Atmospheric Research”), Milli Kosmos Araşdırmaları və İnkişafı Agentliyi (“National Space Research & Development Agency”) və Avropa Kosmos Agentliyidir (“European Space Agency” (ESA)).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  rektoru İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ