Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 14:54
"İllər bir-birini əvəz edir, nəsillər dəyişir. "Gənclər bizim gələcəyimizdir" şüarı həmişə dəyişməz olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi barədə sərəncamı ölkəmizdə könüllülüyün yeni, daha məhsuldar mərhələyə qədəm qoyduğunun təsdiqi oldu:
"2020-ci ilin "Könüllülər ili" elan edilməsi dünyanı ağuşuna alan qlobal pandemiya böhranı ilə eyni dövrə təsadüf etdi. Bütün sahələrdə fəal mövqedən çıxış edən Azərbaycan gəncləri koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə mübarizədə də həmişə olduğu kimi ön cərgələrdə yer aldılar.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə bağlı çağırışlarına ilk qoşulanların sırasında gənclərimiz çoxluq təşkil etdi. Dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə gənclər fəallıqları ilə seçildilər.
Belə ki, dövlətimizin çağırışlarına töhfə vermək, yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi. Tezliklə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin çətiri altında "ASAN Könüllüləri" Gənclər Təşkilatı, "Regional İnkişaf" İctimai Birliyi, "BİR Tələbə-Könüllü" Proqramı, "Könüllü DOST" Proqramı, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi, "Nəqliyyat Könüllüləri" Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Könüllü gömrükçü" Dəstəsi, "Turizm Könüllüləri" İctimai Birliyi, "Diplomatiya Könüllüləri" Qrupu, "Ekokönüllüləri" Qrupu, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı, "SƏLİS Könüllüləri" İctimai Birliyi, "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi, "AFFA və Avro-2020" Könüllülər Proqramı və "Gənc Könüllülər" Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatlar birləşdi".
"Qısa zamanda Mərkəz tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər oldu, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirildi",- deyə Pərvin Kərimzadə əlavə edib:
"Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin həyata keçirdiyi aksiyalar çərçivəsində könüllülər ehtiyacı olan şəxslərin həyatı üçün pandemiyanın yaratdığı təhlükənin aradan qaldırılmasına töhfə verirlər. İllərin sınağından çıxan könüllük hərəkatı artıq ölkəmizdə bir fəaliyyət sahəsi kimi deyil, gənclərimizin həyat tərzi, cəmiyyətdə önəmli rolu ilə seçilən ümummilli hərəkat kimi özünü bir daha təsdiq etdi. Pandemiya ilə əlaqədar həssas qruplara yönələn dəstək tədbirlərində, aksiyalarda gənclərin könüllülük hərəkatı bu gün əsl Dost örnəyi göstərir.
Gənc könüllülərimiz "Böyüklərimizi qoruyaq!" devizi altında paytaxt və regionlarda minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkir, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərirlər.
Sevindirici haldır ki, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak edib. "Könüllü Qonşu" aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
Bu gün ölkəmizin gənclərinin - könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsi oldular".