Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 15:27
"Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq səviyyəli tədbirlərdə çıxışlarında, eləcə də müsahibələrində Ermənistan hakimiyyətinin qəhrəman elan etdiklərinin faşizmə xidmət etdiyini açıq şəkildə bildirib. Bunların sırasında Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətkarlar da var. Hətta sonuncu dəfə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində cənab Prezident demişdi ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Görünür, artıq dünya ictimaiyyəti Ermənistanı faşizm ideologiyasına xidmət edən ölkə kimi tanımağa başlayır. Bu səbəbdən də Paşinyan çabalayır, tarixi saxtalaşdırma yolu ilə yalan danışır, M.Ə.Rəsulzadə haqqında iftiralar uydurur".
Sonxeber.net Trend-ə istinadən əbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Paşinyanın tarixi saxtalaşdırmaq cəhdi onun Prezident İlham Əliyevin erməni faşizmi ilə bağlı faktoloji çıxışları qarşısında mat vəziyyətinə düşdüyünün göstəricisidir: "Siyasi tarixi yaxşı bilən hər kəs bilir ki, M.Ə.Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib. M.Ə.Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımı prosesində rol almayıb. Müharibə illərində Rəsulzadə faşist ordusunda olmayıb. Tarixçilər daha yaxşı bilirlər, Rəsulzadə hələ o zaman başa düşmüşdü ki, almanlar Azərbaycana müstəqillik verməyəcək və bu səbəbdən də o, Almaniyanı tərk etmiş, Türkiyəyə köçmüşdü.
"Paşinyanın Rəsulzadə haqqında işlətdiyi ifadələr yalandır və gülüş doğurur" - deyən Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Paşinyan bu cür savadsızcasına və tarixi anlayışsızlıqla danışmaqla Ermənistanda qəhrəmanlaşdırılan Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı beynəlxalq rüsvayçılığı ört-basdır etmək, öz aləmində Prezident İlham Əliyevə cavab vermək istəyir: "Hər kəsə bəllidir ki, bir neçə il öncə Ermənistanda faşist cəllad Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyuldu. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak etdi. Təsəvvür edin ki, Ermənistanda 6 metr hündürlüyündə heykəli qoyulmuş Njde Qaregin müharibə dövründə deyirdi ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur. Təsadüfi deyil ki, müharibədən sonra o, SMERŞ tərəfindən həbs olunub, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adamı qəhrəmanlaşdırmaq təbii ki, faşizm ideologiyasına ehtiramdan irəli gəlir".
Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistan hakimiyyətində təmsil olunanların faşist babalarından ibrət götürmələrini, onların əməllərini davam etdirmələrinin ən bariz nümunəsi Xocalı soyqırımıdır: "Bu arada, bir xüsusi məqamı qeyd edim ki, özlərini ildə iki dəfə öldürüb Novxanıya yürüş edib, Rəsulzadənin büstü önündə beş saat yalan-palan danışan Cəmil Həsənli, Əli Kərimli və başqaları Paşinyanın iftiraları qarşısında niyə susurlar. Onlar Paşinyandan niyə çəkinirlər, qorxurlar? Məgər, bu günə qədər Rəsulzadə irsini sümürən, siyasi oyun alətinə çevirən AXCP və "Milli Şura" deyilmi? Nə oldu axı indi ermənilər Rəsulzadəyə iftira atanda Əli Kərimlinin, Cəmil Həsənlinin səsi çıxmır? Erməni lobbisinin pulu bu qədər şirin imiş? Erməni lobbisinin qrantları Rəsulzadədən bu qədərmi vacibdir? Görünür, Əli Kərimli, AXCP, "Milli Şura" üçün Rəsulzadə dəyəri də, Azərbaycan xalqı da pul qazanmaq üçün bir vasitədir".