Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 12:40
Bakı. İlhamə İsabalayeva – Trend:
Turizm şirkətlərinin bir neçə mərhələdə lisenziyalaşdırılmasına və ya sertifikasiyadan keçirilməsinə ehtiyac var.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvü Cəmilə Əliyeva deyib.
O qeyd edib ki, lisenziya ləğv edildikdən sonra turizm şirkətlərinin sayı 4 min ötüb:
“Günümüzün reallığı odur ki, istənilən şəxs VÖEN əldə edərək turizm agentliyi kimi fəaliyyət göstərə bilər. Nəticə etibarilə bu şirkətlərin xaotik say artımı həm kəmiyyət, həm də keyfiyyət cəhətdən problem yaratmış olur. Lakin yeni açılan turizm şirkətlərinin fəaliyyəti barədə dəqiq məlumatlar əldə etmək mümkün deyil. Bunu tənzimləmək üçün turizm şirkətlərinin yenidən lisenziyalaşdırılması lazımdır”.
Bu məsələnin 2019-cu ilin dekabr ayından Dövlət Turizm Agentliyinin də gündəmində olduğunu deyən C.Əliyeva hesab edir ki, turizm şirkətlərinin lisenziyalaşdırılması yaxud da sertifikasiyadan keçirilməsi müstəqil bir quruma həvalə edilməli və peşəkar mütəxəssislərin rəyləri əsasında həyata keçirilməlidir:
“Həmçinin məsələ həyata keçirilərkən bir neçə amil nəzərə alınmalıdır. Təsisçi və ya şirkət sahibinin mütləq şəkildə turizm sahəsində 5-6 ildən çox stajının olması, işçilərin aviabiletlərin yazılması, turların təşkili sahəsində yüksək bacarıqları ilə fərqlənməsi, müxtəlif peşəkar sertifikatlar əldə etməsinə diqqət yetirilməlidir. Bununla yanaşı, xidmətlərin satışının həyata keçirildiyi məkanın da şəraiti nəzərə alınmalıdır”.
Sadalanan amillər əsasında turizm şirkətlərinin fəaliyyət göstərməsini düzgün sayan C.Əliyeva lisenziya üçün dövlət rüsumunun məbləğinin də çox yüksək olmasının tərəfdarı olmadığını söyləyib.
Ekspert bu fikirdədir ki, lisenziyalaşdırmanın və ya sertifikasiyanın olması turizm sənayesinin keyfiyyətli şəkildə formalaşmasına səbəb olacaq.
Məsələ ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev isə Trend-ə bildirib ki, turizm bazarında xidmət göstərən şirkətlərin lisenziyalaşdırılması ilə bağlı irəli sürdükləri təklif onların fəaliyyətinə maneə yaratmaq deyil, milli turizm maraqlarından çıxış edərək şirkətlərin keyfiyyət və standartlara cavab verən xidmət göstərmələrini təmin etmək məqsədi daşıyır:
"Düşünürük ki, lisenziyalaşma olarsa, turizm bazarında qalmaq istəyən şirkətlər bundan sonrakı fəaliyyətlərində daha sağlam xidmət göstərməyə,müştəri məmnunluğunu qoruyub saxlamağa çalışacaq".