Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 11:27
"Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin XIX əsrin II yarısından sürətli şəkil alan milli oyanış, dirçəliş, dövlətçilik uğrunda mübarizələri 1918-ci il mayın 28-də məntiqi sonluqla yekunlaşdı. Xalqımızın müxtəlif siyasi qüvvələrini və ayrı-ayrı təbəqələrini əhatə edən birlik ideyası nəticədə ümummilli hərəkata çevrildi".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktrou Ziyad Əmrahov deyib.
Onun sözlərinə görə, bu ümummilli hərəkatın məhsulu olaraq Azərbaycanın istiqlaliyyəti elan olundu. Bu vaxta qədər yalnız coğrafi məfhum kimi tanınan Azərbaycan sözü indi artıq müstəqil dövlətin adına çevrildi. Gah tatar, gah Zaqazfqaziya müsəlmanları, gah da Qafqaz türkləri kimi çağırılan iki milyonluq əhali isə rəsmi şəkildə Azərbaycan türkü adlandırıldı.
Azərbaycanın müstəmləkə əsarətindən cümhuriyyətə doğru gedən yolundan danışan tarixçi qeyd edib ki, 1828-ci il 10 fevral Türkmənçay sülh müqaviləsini imzalayan tərəflər təkcə tarixi Azərbaycan ərazilərini ikiyə parçalamaqla kifayətlənmədilər, onlar həm də Azərbaycanın qədim dövlətçilik ənənələrini xalqımızın yaddaşından silib atmağa çalışdılar. Arazdan cənubdakı soydaşlarımız fars şovinistlərinin, şimaldakı soydaşlarımız isə çar üsul-idarəsinin müstəmləkə qanunlarına tabe edildi. İşğal edilən Azərbaycan torpaqlarında (həm şimalda, həm də cənubda) özgə dil, özgə din, özgə hakimiyyət fəaliyyətə başladı. Bu işğalın mahiyyətində təkcə əsarət zənciri yox, həm də bu torpaqlara köçürülüb gətirilmiş yad xalqa, ermənilərə dayaq durmaq, yerli türk-müsəlman əhalisinin torpaqlarının əlindən alınıb yadlara verilməsi və min illər boyu bu ərazidə məskunlaşan insanlara qarşı soyqırım siyasəti var idi:
"Bu cür mürəkkəb və ziddiyyətli şərait yetişməkdə olan yeni nəsillərin türk dünyasından, tarixi kökündən zorla ayırmağa və özlərindən asılı olmayaraq üzünü Rusiyaya çevirməyə məcbur edirdi. Bununla belə, XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz müstəmləkə əsarətindən çıxmaq üçün əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular.
1917-ci il fevral inqilabından az sonra Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən Türk Adəmi mərkəziyyət partiyası yaradıldı. Gəncədə yaratdığı Türk Adəmi mərkəziyyət partiyası proqram yönündən, millət məsələsində Müsavat partiyasına yaxın idi. Eyni zamanda Nəsib bəy Yusifbəyli "Açıq söz" qəzetində M.Ə.Rəsulzadə ilə həmfikir olduğunu bildirir və millətçiliyi təbliğ edirdi. Bu yolda isə həmin dövrdə kifayət qədər çətinliklər vardı. Məsələnin ən çətin tərəflərindən biri uzun müddət çar rejimi zamanı Azərbaycan türklərinin "tatar", "dağıstanlı", "müsəlman", "türk" və bu kimi müxtəlif adlar altında milli-dini zülmə məruz qalması idi.
Bu zülmü daha da artıran amillərdən biri də Azərbaycan türklərini öz tarixi torpaqlarından didərgin salmaq üçün S.Şaumyanın başçılığı ilə 1918-ci ilin aprelin 25-də Bakı Soveti qurumunun yaradılması və onun anti-türk, anti-Azərbaycan fəaliyyəti idi. Azərbaycan türk xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum daşnak qüvvələri ilə birləşərək 1918-ci ilin martında təkcə Bakı şəhərində 11 mindən artıq türk-müsəlmanın həyatına son qoyub. Bu qırğınlar işıqlı səhərə gedən yolun zülmət gecəsi idi..."
Tarixçi əlavə edib ki, 1917-ci ildə çar Rusiyasının dağılması Cənubi Qafqazda müstəqil dövlətlərin yaradılmasına şərait yaratdı. Əvvəlcə Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Cənubi Qafqazın idarəsi üzrə xüsusi komitə, elə həmin ilin noyabrında isə Cənubi Qafqaz Komissarlığı yaradıldı. Lakin Rusiyada 1917-ci ilin oktyabrında bolşeviklərin çevriliş yolu ilə hakimiyyəti ələ alması Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatların yolunu bağladı və nəticədə 1918-ci ilin fevralın 14-də həmin nümayəndələr Tiflisdə toplaşaraq Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Cənubi Qafqaz Seymini yaratdılar.
Cənubi Qafqaz Seymində və hökumətində fəaliyyət göstərən Azərbaycan, Gürcüstan və erməni nümayəndələri arasında ümumi bir platforma olmadığından Seym tezliklə dağıldı və 1918-ci ilin mayın 26-da Gürcüstan istiqlaliyyətini elan etdi:
"Cənubi Qafqaz Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və Azərbaycan hökumətini yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə keçmiş Qafqaz canişininin sarayında toplandı. İclasa 4-cü Rusiya Dövlət Dumasının və Cənubi Qafqaz Seyminin keçmiş üzvü Məmməd Yusif Cəfərov sədrlik edirdi. İclasda keçmiş Cənubi Qafqaz Seyminə daxil olan "Müsavat" partiyası və partiyasızların demokratik qrupunun müsəlman sosialistlər bloku, "İttihad" və müsəlman sosial-demokratların, menşevik "Hümmət" partiyalarının nümayəndələri iştirak edirdilər. Fövqəladə iclas Azərbaycan Milli Şurasının Rəyasət Heyətini seçdi. Rəyasət heyətinə "Müsavat" partiyasından və bitərəflərin demokratik qrupundan - M.Ə.Rəsulzadə, M.H.Hacınski, N.Yusifbəyli, X.Xasməmmədov, M.Y.Cəfərov, Müsəlma Sosialistləri Blokundan - X.Məlik-Aslanov və Cəmo Hacınski, Sosial-demokrat "Hümmət" partiyasından isə - doktor X.P.Sultanov seçildilər.
Gizli səsvermə nəticəsində həmin vaxt Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.H.Seyidov sədrin müavinləri, M.Mahmudov və R.Vəkilov katib, F.X.Xoyski isə yekdil səslə icraedici orqanın, hökumətin sədri seçildilər.
1918-ci il mayın 28-də axşam səkkizə 10 dəqiqə işləmiş Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında sədr müavini H.Ağayevin sədrliyi və M.Mahmudovun katibliyi ilə Müsəlman Milli Şurasının ilk iclası keçirildi. Gərgin keçən müzakirələrdə Milli Şuranın üzvləri - Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadənin iştirak etdiyi həmin iclasda Azərbaycanın istiqlal bəyannaməsi qəbul edildi (Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov səsvermədə bitərəf qaldılar).
Həmin dövrdə "Əqdnamə" və ya "Misaqi Milli" adlanan bu sənədi H.Ağayev, F.X.Xoyski, N.Yusifbəyli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Cavad bəy Məlik Yeqanov, Mustafa Mahmudov imzaladılar".