Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 17:33
Bakı. Trend:
Hər bir xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Biz gələcəyi düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaqları sağlam mühitdə böyütməliyik. Uşaqların sağlam böyüməsində Mərkəzi Gömrük Hospitalın üzərinə də məsul vəzifə düşür. Mərkəzi Gömrük Hospitalında istənilən patalogiyalı uşaqların sağlamlıqlarının qorunması üçün yüksəkixtisaslı həkimlər tərəfindən 24 saat ərzində geniş spektrli tibbi xidmət göstərilir.
Hospitalın tanınmış uzman həkimləri tərəfindən yeni doğulmuş körpələr üzərində dünyada qəbul olunmuş ən mürəkkəb açıq ürək əməliyyatları, uşaqlarda qaraciyər transplantasiyası, böyrək transplantasiyası kimi mürəkkəb əməliyyatlar həyata keçirilir. Ölkəmizdə COVİD-19-la davam etdiyi bir şəraitdə bir çox xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi uğurla həyata keçirilir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında iki uşağa açıq ürək əməliyyatı edilib. Həmçinin, 2 uşaq Mərkəzi Gömrük Hospitalının dəstəyi ilə açıq və qapalı ürək əməliyyatı olunublar. Əməliyyatlar Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov tərəfindən icra edilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov, tanınmış cərrah-transplantoloq, t.f.d.Mircəlal Kazımi, uşaq cərrahı-uzman Vüsal Cəfərov, ürək-damar cərrahı Kənan Əsədov, uşaq kardioloqu Nəsimi Cabbarov apardıqları cərrahi əməliyyatlarla yaşamaq şansı az olan uşaqlara sağlam həyat bəxş edirlər. Hospitalın təcrübəli reanimatoloqu Təranə Göyüşova əməliyyatdan sonra uşaqlara xüsusi qayğı ilə yanaşır.