Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 18:04
Bakı. Samir Əli - Trend:
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Neftçala rayonu və onun 7 kəndində yaranan içməli su qıtlığı ilə bağlı tədbirlər görür.
Bu barədə Trend-ə açıqlamasında "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, hazırda bununla əlaqədar əraziyə 7 su maşını cəlb edilib: "Kür çayında suyun səviyyəsi aşağı düşdüyündən dənizin suyu çaya qarışıb və nəticədə həmin sudan istifadə mümkün deyil. Buna görə artıq sugötürən nasosların da fəaliyyəti müvəqqəti dayandırılıb. Hazırda Şirvan-Muğan qrup su kəmərinin Salyan rayonu ərazisindən keçən hissəsindən su götürülərək anbarlara verilir, həmin anbarlarda su modul qurğularla təmizlənərək su maşınları vasitəsilə Neftçala rayonuna daşınır".
A.Cəbrayıllı bildirib ki, artıq 2 gündür Neftçalanın mərkəzi və 7 kəndin içməli su təminatı bu yolla tənzimlənir.
Xatırladaq ki, Kür çayında suyun səviyyəsinin azalması nəticəsində Xəzər dənizindən duzlu su Kür çayına axmağa başlayıb. Nəticədə, Neftçala rayonu və onun 7 kəndində içməli su problemi yaranıb.