Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 17:28
"Koronavirus pandemiyası bütün dünyada dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu. Pandemiya sosial-iqtisadi sferadan başlamış, səhiyyəyə qədər - bütün sahələrdə mövcud problemləri daha da dərinləşdirdi".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, operativ və effektiv tədbirlər görə bilməyən, yaxud görmək imkanları olmayan ölkələrdə koronavirus sözün tam mənasında bir fəlakətə çevrildi və təəssüf ki, bu proses hələ də davam edir:
"Bu müqayisədə Azərbaycan təcrübəsi dünyada ən nümunəvi təcrübələrdən biri kimi özünü göstərir. "COVİD-19" infeksiyası başlayandan bəri ölkəmizdə koronavirusa qarşı mümkün olan bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı və dövlətin, cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Əgər pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək, burada üç mühüm istiqamətə diqqət etməyimiz lazımdır; birincisi, dövlətin, ikincisi cəmiyyətin davranışları, üçüncüsü isə alınan tədbirlərin doğruluq payının dərəcəsi. Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi. Elə Prezident İlham Əliyevin iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşündə çıxışı zamanı məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin nə qədər effektli olduğunu göstərdi.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar "COVİD-19" pandemiyasının Azərbaycanda yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir".
Deputat vurğulayıb ki, Azərbaycanda quraşdırılan 10 bu tipli xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək:
"Beləliklə, dövlətin üzərində yük bir qədər azalacaq. Ən mühüm məsələlərdən biri isə koronavirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olmasıdır ki, bunu da Azərbaycan Prezidenti xüsusi vurğulayaraq qeyd etdi ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin Ehtiyat Fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq fonda 100 milyon manatdan çox vəsait köçürdülər.
Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Doğrudan da bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümümi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər qurumlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər və bu proses indi də davam edir.
Qeyd olunanlarla bərabər, əldə etdiyimiz uğurlar bir də müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır. Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik.
Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkələr var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq.
Bu faktlar özü-özlüyndə obyektiv bir qiymətləndirmədir və Azərbaycanda koronavirusa qarşı mübarizənin necə uğurla həyata keçirildiyini göstərir. Ancaq şübhəsiz ki, arxayınlıq hissinə qapılmaq olmaz. Unutmayaq ki, bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq".