Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 20:00
Bəzən cinayət törədən şəxslərin beynəlxalq axtarışa verilməsilə bağlı mediada məlumatlar yayılır. Bunlara xüsusən, dələduzluq, hədə-qorxu ilə tələb edənlər və digərləri aiddir. Görəsən, cinayət törədib ölkədən qaçanlara hansı cəza verilir? Bu əməl ağırlaşdırıcı hal hesab olunurmu?
Sonxeber.net Lent.az-a istinadən bildirir ki, bu suala hüquqşünas Səməd Vəkilov cavab verib. Onun sözlərinə görə, cinayət törədib qaçan şəxslər müəyyən müddətdən sonra cəzadan azad olunurlar:
"Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, az ağır cinayət törətmiş şəxs 7 il keçdikdən sonra cinayət məsuliyyətindən azad olunur. Ağır cinayət törədən şəxs isə 10-12 il keçəndən sonra məsuliyyətdən azad olunur. Əgər məhkəmə şəxsə müəyyən maddənin nəzərdə tutduğu cəzanı təyin edibsə və o həmin cəza müddətini qaçıb gizlənibsə məsuliyyətdən azad olunur.
Cinayət törədən şəxsə cəza təyin edilərkən hadisəni necə törətməsi, onun qulluq səlahiyyətlərindən istifadə etməsi əsas götürülərək ağırlaşdırıcı hallar nəzərdən keçirilir. Amma cəza təyin olunandan sonra ölkədən qaçmaq ağırlaşdırıcı hal deyil və əksinə məsuliyyətdən azad edir. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir".