Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 12:54
Azərbaycanda "Mediasiya haqqında" qanunun qüvvəyə minmə tarixi uzadılır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Təklifə əsasən, "Mediasiya haqqında" qanunun 39-cu maddəsində "2020-ci il iyulun 1-dən" sözləri "2021-ci il yanvarın 1-dən" sözləri ilə əvəz edilir.
Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Qanunun 3-cü maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:
3.1.1. mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);
3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr;
3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr;
3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
3.2. İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.