Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 14:38
"Azərbaycanda bir qrup insanların qaydalara əməl etməməsi, onların hazırkı vəziyyətə biganə münasibəti COVİD-19-a yoluxma hallarının sayının artmasında əhəmiyyətli rol oynayır".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Türkiyənin Üsküdar Üniversitetinin sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı deyib.
Onun sözlərinə görə, "yeni norma" olaraq adlandırdığımız karantin qaydalarına əməl etdiyimiz zaman COVİD-19-a yoluxma hallarının qarşısını almaq daha asan olacaq və çoxlarımızın arzu etmədiyi sərt karantin tədbirlərinə bəlkə də ehtiyac qalmayacaq. Bu səbəbdən həyatımızı yalnız yeni qaydalara əməl edərək davam etdirmək məcburiyyətindəyik.
Sosioloq qeyd edib ki, cəmiyyətlər qaydalara riayət etmək baxımından bir-birindən fərqlənirlər.
Bəzi cəmiyyətlərdə qaydalara riayət etmək adi bir həyat norması olduğu halda, bəzi cəmiyyətlərdə insanlarda bu şüur yetərincə inkişaf etməyib:
"Belə cəmiyyətlərdə qaydaları pozan şəxslərə ətrafdakı vətəndaşlar tərəfindən xəbərdarlıq edilmir və yaxud bu cür hallar xəbərdarlıq edilən şəxsin sərt reaksiyasına səbəb olur. Buna görə də inkişaf etmiş sosial nəzarət bəzi cəmiyyətlərdə biganə münasibətlə əvəz olunur. Təəssüflər olsun ki, bu cür hallar da xoşagəlməz nəticələrə gətirib çıxarır. Azərbaycanda yoluxma sayının artmasında bu amilin əhəmiyyətli rolu var. Hazırkı vəziyyət bunu deməyə əsas verir ki, virus bizi hələki tərk etməyə tələsmir. Buna görə də bir müddət bu virusla yaşamağa vərdiş etməmiz lazımdır. Bunun da ən başlıca yolu gigiyena qaydalarına riayət etmək, maskadan istifadə edib ara məsafəni saxlamaqdır".
Ə.Süleymanlı əlavə edib ki, qaydalara qarşı ən kiçik laqeyd münasibət yeni yoluxma hallarının artmasına səbəb olur:
"Bu qaydalara yalnız hamılıqla riayət etdikdə mübarizənin təsir gücü artacaq. Əks təqdirdə ehtiyatsızlıq və laqeydlik daha ağır nəticələrə səbəb ola bilər. Bu qaydalara həm özümüz riayət etməli, həm də etməyənlərə münasib formada xəbərdarlıq etməliyik. Eyni zamanda gigiyena qaydalarına riayət edən mağazalara, xidmət və iaşə obyektlərinə üstünlük verməliyik".