Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agentlik sədri: Əqli mülkiyyətə aid 8 qanun birbaşa, ikisi isə dolayısı yolla qorunmanı təmin edir (FOTO)

Agentlik sədri: Əqli mülkiyyətə aid 8 qanun birbaşa, ikisi isə dolayısı yolla qorunmanı təmin edir (FOTO)

Tarix: 14 Iyun 2019 14:21

Bakı. Trend:

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda konfrans-təlim keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov sabah - 15 İyun - Milli Qurtuluş günü, ulu öndərin hakimiyyətə qayıdışı günü olduğunu qeyd edib və Azərbaycanın bugünkü gününün, onun reallıqlarının həmin Qurtuluşa arxalandığını, o cümlədən ümummilli liderimizin istər müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısı, istərsə də müasir məhkəmə-hüquq sistemimizin banisi olduğunu bildirib.

O qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək.

Biz – ulu öndərin müasirləri onun uzaqgörənliyinin izlərini, gələcəyimizə yol açan fikir və düşüncələrini bugünkü cəmiyyətimizin ictimai rəy və varidatına, Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısının irsinin ən dəyərli əqli mülkiyyətə çevrilməsini görürük və ölkəmizdə həyatın sürətlə dəyişməsinin şahidiyik. Bunun başında innovativ, yeniliklərlə və islahatlarla zəngin və insanlara xidmət edən dövlət siyasəti durur. Bunlar cənab Prezident İlham Əliyevin kreativliklə həyata keçirdiyi ulu öndərin varislik yoludur.

Agentliyin rəhbəri konfransın mövzusunun aktuallığını vurğulayaraq onun bir tərəfdən dövlət başçısı cənab İlham Əliyevin məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət sahəsində apardığı islahatlara xidmət etdiyini bildirib. O, Dünya Bankının "Doing Business - 2019" hesabatında Azərbaycannın 25-ci yeri tutaraq 10 ən islahatçı dövlətlər sırasında olduğunu, “Davos İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycanın “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə 36-cı yerdə qərarlaşdığını və MDB ölkələri arasında lider olduğunu, institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyi (bilik sahəsi bir “örtük” altında) fəaliyyəti MDB məkanında nümunəvi qəbul edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, əqli mülkiyyətə aid səkkiz qanun birbaşa, ikisi isə dolayısı yolla qorunmanı təmin edir, ölkəmiz sahə üzrə əksər beynəlxalq konvensiyalara qoşulub, əqli mülkiyyət sahəsi prioritet istiqamət kimi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına daxil edilib.

Yeni baxış mövqeyindən diqqətin vacib və zamana uyğun olan əsas məqsədə – hüquqların təminatı (enforcement) məsələsinə yönəltməyin əhəmiyyətini qeyd edən K.İmanov Agentliyin 960 nömrəli "Qaynar xətt”i və ictimai əsaslarla "Hüquq məsləhətxanası”nın fəaliyyət göstərməsi, il ərzində müəlliflər, digər hüquq sahibləri və sahibkarların əqli mülkiyyət məsələləri üzrə 1500-dən artıq müraciət və sorğularına baxılması, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilməsi haqqında məlumat verib.

O, 2018-ci ildə Agentliyin nümayəndələrinin əqli mülkiyyət, o cümlədən sənaye mülkiyyəti obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak etdiyini, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlandığını, maarifləndirmə tədbirlərinin keçirildiyini, 2019-cu ildə isə 26 iş üzrə (23 – sənaye mülkiyyəti, 3 – müəllif hüququ) müxtəlif məhkəmə instansiyalarında 60-dan çox məhkəmə iclaslarında Agentliyin hüquqşünaslarının iştirak etdiyini və hər bir iş üzrə ekspert rəylərinin hazırlandığı bildirib.

Son zaman müəllif-hüquq pozuntusu ilə bağlı Agentliyə edilən müraciətlərə toxunan K.İmanov struktur islahatları çərçivəsində Agentlikdə Apellyasiya şurasının yaradıldığını, 2018-ci ildə Apellyasiya şurasına sənaye mülkiyyətinə aid 132 ərizə daxil olduğunu, onlardan 70-nin tam və ya qismən təmin edildiyini, 20-nin rədd ediliyini, 11-nin baxılmamış saxlanıldığını (geri götürüldüyünü), 31-nin isə baxılmasının təxirə salındığını nəzərə çatdırıb.

Agentliyin rəhbəri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının «Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi» bölməsindəki «Qanunvericilik təkmilləşdiriləcək, piratçılıq və kontrafaksiya da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görüləcəkdir» bəndini xüsusi xatırladaraq “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Antipirat qanununun) məhkəmə təcrübəsində zəif işləməsini və məhkəmələrdə əqli mülkiyyət nümayəndələrinin iştirakı ilə keçirilən iclaslarında mövcud olan problemləri vurğulayıb.

K.İmanov baxılan mülki işlərin təhlilini apararaq bildirib ki, “birincisi, bəllidir ki, ƏMH-nın müdafiəsi daha çox xüsusi hüquq çərçivəsində təşkil olunur, yəni hüquq sahibi tərəfindən, onun iradəsi əsasında irəli sürülür və bu sahədə tam mənada xüsusi hüququn əsas prinsipi – dəymiş zərərin tam ödənilməsi prinsipi işləyir. Lakin ƏM-i yalnız xüsusi hüquqa aid etmək yanlış olardı və buna əsasən xüsusi hüququn tətbiqi məhkəmə və hakimlərin işidir (dövlət bu məsələyə qarışmır), nəticə çıxartmaq da düzgün olmazdı. Əksinə, bir çox hallarda xüsusi hüquq üsullarını əvəz etmədən, lakin onlara əlavə olan kütləvi, publik-hüquq üsullarının tətbiqi əhəmiyyətli dərəcədə vacibdir. Bir sözlə, cinayət və inzibati hüququn normaları ƏM sahəsinin müdafiəsi üçün əhəmiyyətlidir və bu tezisi yüksək səviyyədə əqli mülkiyyətin qorunmasını təmin edən bir çox ölkələrin təcrübəsi təsdiqləyir. Bu normalar təbii olaraq, Azərbaycan qanunvericiliyində də mövcuddur, lakin bir neçə misal istisna olmaqla, zəif işləyirlər, hüquqtətbiqetmədə problemlər var.

Hüquqlar yalnız o zaman «real» tamdəyərli olur, əgər onların arxasında dövlətin məcburetmə aparatı durmaqdadır, özü də belə müdafiənin etibarlığı, məşhur Rudolf İerinqin sözlərinə əsasən, hüququn ədalət səviyyəsi olduğu qədər yüksək dəyərlidir.
Misal üçün, müvafiq Məcəllələrdə qeyd edilib ki, hüquqpozmalar müəyyən edildikdə sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və müəllif-hüquq sahəsində fəaliyyəti dayandırılmış Müəllif Hüquqları Agentliyi tərəfindən protokollaşdırılır və cəza sanksiyalarının tətbiqi üçün məhkəmələrə yönəldilir (hazırda bu səlahiyyətləri məhkəmələr yeni yaradılmış Əqli Mülkiyyət Agentliyinin tərtib edilmiş protokolları əsasında həyata keçirməlidir). Lakin məhkəmələr tərəfindən adekvat cavab görülmür, inzibati hüquq işlərinə adətən xitam verilir.

İkincisi, məlumdur ki, «ex parte» - müvəqqəti tədbirlər, yəni hüquqpozmanın mahiyyətcə baxılmasından öncə, sübutların qorunub saxlanması üçün xüsusən müəllif-hüquq sahəsində vacib əhəmiyyət kəsb edir və piratçılığa qarşı mübarizədə alətlərdən biridir. Lakin bu mexanizm zəif tətbiq olunur.

Üçüncüsü, qeyd edilməlidir ki, hüquqi mühafizə bir çox hallarda münaqişənin düzgün, səlis və operativ həllindən asılıdır. Hal-hazırda ümumi yurisdiksiyalı məhkəmələrdə iddiaların sayı artmaqdadır, lakin onların baxılması dövrü aylarla, birinci instansiya məhkəmələrində düzgün həll edilməməsi ilə bağlı hətta illərlə ölçülür. Odur ki, hakimlərin ixtisaslaşması zəruridir.

Dördüncüsü, “Antipirat qanununun” tələbi olan – məhkəmə qərarlarının dərc olunması zəif yerinə yetirilir, halbuki bunun əhəmiyyətli dərəcədə maarifçi-informasiya potensialı vardır”.

K.İmanov əqli mülkiyyət üzrə məhkəmə təcrübəsinin misalları üzərində dayanaraq məhkəmə işlərinin uğurla, ədalətli həyata keçirilməsində bir neçə əqli mülkiyyət spesifikasından doğan konseptual vəzifələrin durduğunu vurğulayıb:

“Qarşımızda duran vacib konseptual məsələlərdən biri – əqli mülkiyyət sahəsindəki münaqişələrdə hakimlərin xüsusi biliklərə malik olması, bu biliklərin hakimlərin müstəqilliyinin zəmanəti məsələsidir.

Həqiqətən qanunvericilikdə hakim müstəqilliyi Konstitusiya prinsipi bir sıra zəmanət mexanizmləri, o cümlədən siyasi, sosial-iqtisadi və hüquqi zəmanətlər ilə səciyyələnir. Hüquqi zəmanətlər isə təşkilati-hüquqi və prosessual-hüquqi tədbirlərdən ibarətdir.

Prosessual-hüquqi tədbirlər dedikdə, biz ilk növbədə və xüsusi olaraq, işdə olan sübutların hakim tərəfindən qiymətləndirilməsini nəzərdə tuturuq. Əslində hakimin sözügedən zəka fəaliyyəti prosessual normalar çərçivəsində sübutların müxtəlif xüsusiyyətlərinin müəyyən edilməsidir, o cümlədən nisbilik, mümkünlük, həqiqilik, tamlıq və qarşılıqlı əlaqələndirməsi və s. Prosessual qaydalar isə bu qiymətləndirilmənin prinsiplərini müəyyən edərək, hakim sərbəstliyini (bağımsızlığını) və müstəqilliyini nəzərdə tutur.

Təbiidir ki, prinsiplərin birincisi hakim rəyinə zahiri təsirin aradan götürülməsini, digəri isə – hakimin şəxsi və peşəkar biliklərinə və həyat təcrübəsinə istinad edilməsidir. Deməli, hakimin sahəyə aid bilik zənginliyi onun müstəqilliyini təmin edən köklü amil və ölçü, meyar kimi qəbul edilə bilər.”

Bu sahədə dünya təcrübəsinə toxunan Agentliyin rəhbəri əqli mülkiyyət hüquqlarının təminatının təşkilində üç əsas üsula diqqət yetirib:

Birincisi – ixtisaslaşmış məhkəmələrin yaradılması (Böyük Britaniya, Almaniya, Yaponiya, Rusiya və s.), ikincisi – məhkəmələrdə xüsusi hakim tərkiblərinin təsisatı (ABŞ, Avstriya, Belçika, Kanada, Fransa və s.) və üçünüsü - əqli mülkiyyət üzrə kvazi məhkəmə orqanlarının (xüsusi tribunallar) formalaşdırılması (Avstraliya, Çin, Yeni Zellandiya və s.).

ƏM obyektlərinin xüsusiyyətləri münaqişənin keyfiyyətli həlli üçün hakimlərdən yalnız hüquqi deyil, bir çox hallarda texniki, hətta təbii-elmi biliklərin olmasını tələb edir. Bu heç də təsadüfi deyil, çünki hakimlərdə xüsusi biliklərin olması ƏM sahəsində hüquq və fakt məsələlərinin sıx əlaqədə olması təbiətindən irəli gəlir. Odur ki, əqli mülkiyyət ixtisaslaşmış məhkəmələrin yaradılması mühüm və aktual məsələdir və bununla bağlı təkliflərimiz müvafiq instansiyaya təqdim edilib. Lakin hazırda bu cür məhkəmələrin olmadığı bir şəraitdə məhkəmə iclaslarında mütəxəssislərin iştirakına, ekspertizaların təyin edilməsinə və sorğuların göndərilməsinə diqqət yetirilməlidir.

K.İmanov xarici ölkələrin, xüsusilə də ABŞ və Almaniyanın müsbət təcrübələrində misallar gətirərək xüsusi biliklərin artırılmasının daim hakim korpusunun və əqli mülkiyyət peşəkarlarının məqsədi olmasını bildirib.

Digər konseptual məsələnin məhkəmə ekspertizalarının təyin edilməsi ilə bağlı olduğunu diqqətə çatdıran K.İmanov ƏM üzrə münaqişələrdə çox vaxt əqli fəaliyyət nəticəsinin (ƏFN) məhkəmə ekspertizasının aparılması məqsədəmüvafiq, hətta zəruri olduğunu söyləyib: “Məhkəmə ekspertizasının predmeti qismində bir sıra işlənmiş zəngin təcrübi ekspert məsələləri, o cümlədən müəllif mətnində plagiat faktının təsdiqi, əsərin orijinallığı, əsərin müəllifinin müəyyən edilməsi, digərinin əsərinin yenidən işlənmə faktının təsdiqi və burada yaradıcılıq əlamətlərinin müəyyən edilməsi və s. rastlaşa bilərik. Bunlar məhkəmə müəllifşünas və linqvistik ekspertizalarının işlənmiş alqoritmlərinin olması səbəbindən müvəffəqiyyətlə həll olunur.”

Qeyd olunub ki, bununla yanaşı, qeyri-tipik ekspert məsələləri də mövcuddur. Bunların sırasında təsviri, həcmli, kombinasiyalı və s. əmtəə nişanlarının oxşarlıq səviyyəsinin müəyyən edilməsidir. Yaxud audiovizual, səhnə, qrafik, xoreoqrafiya, memarlıq, geoloji və coğrafi (xəritələr) və digər bu növ əsərlərdən mənimsəmə faktlarının müəyyənləşdirilməsi. Bu ekspert işləri böyük kompetensiya və peşəkarlıq tələb edir.

Nişanların qarışıq səviyyəsinə qədər oxşarlığı əsas hüquqi meyar olduğuna və nəticə kimi müstəsna hüququn pozulması ilə bağlı qərarın formalaşdırılmasına görə, yalnız məhkəmə səlahiyyətindədir. Ekspert öz rəyində oxşarlığın 3 meyarı – semantik, qrafik və fonetik təhlil əsasında diaqnostik məsələni həll etməlidir. Məhkəmə isə qarışıqlıq səviyyəsinə qədər oxşarlığa hüquqi qiymət verməlidir. İki əmtəə nişanlarının qarışıq səviyyəsinə qədər oxşarlığı əslində istehlakçılar tərəfindən müəyyən edilməlidir. Əks halda məhkəmə qərarının elmi əsaslandırılması şübhə altına düşür. Məhkəmə ekspertizalarına ehtiyac olduğu halda, hakimlər tərəfindən hazırlanan ekspert rəyinin xüsusiyyətləri və dürüstlüyü nəzərə alınmalıdır.

Növbəti, özü də bizə irad tutulan problemin “paralel idxal” ilə bağlı olduğunu vurğulayan K.İmanov bu günlərdə həmin məsələyə Azərbaycanda Amerika Ticarət Palatasının da verdiyi Bəyanatla diqqət yetirdiyini bildirib: “Söhbət tərkibində əqli mülkiyyət olan əmtəələrin beynəlxalq dövriyyəsindən gedir. Burada “paralel idxal” dedikdə, əmtəə nişanı ilə qorunan bu növ orijinal əmtəələrin Azərbaycan ərazisinə hüquq sahibinin icazəsi olmadan, lakin qanuni əldə edilmiş əmtəənin digər ölkələrdən gətirilməsindən söhbət gedir”.

Qeyd edilib ki, idxalla bağlı hüquq sahibinin “idxal hüququ” yayımlanma, müstəsna hüququn “tükənmə prinsipi” ilə əlaqədardır. Azərbaycan qanunvericiliyi hüquqların “milli tükənmə prinsipi”ni istifadə edir. Bu isə o deməkdir ki, əgər əmtəə hüquq sahibinin icazəsi ilə hansısa bir ölkədə mülki dövriyyəyə buraxılıbsa, yalnız həmin ölkədə yayımlanma hüququnun tükənməsi baş verib.

Deməli, hüquq sahibinin razılığı olmadan Azərbaycana gətirilən və satılan əmtəələr hüquq pozulmasıdır. Şübhəsiz ki, müəyyən mexanizmlər vasitəsilə bu hallara gömrük səviyyəsində qadağa qoyulmalıdır. Lakin bu növ işlər məhkəmə səviyyəsinə də gəlib çıxa bilir. Məhkəmələr qərar çıxardığı halda, hakimlərin peşəkarlığını şübhə altına almayaraq, bizim tövsiyələrimiz aşağıdakılardan ibarət ola bilər:

Birincisi, məhkəmə səlahiyyəti çərçivəsindədir ki, Konstitusiya və Mülki Məcəllə prinsiplərinə arxalanaraq, tam və ya qismən hüquqi nəticələrin tətbiqindən imtina etsin: bunun üçün əsas vətəndaşların həyat və sağlamlığına, digər ictimai əhəmiyyətli maraqlara hüquq sahibi tərəfindən vicdansız davranışına görə təhlükənin yaranması çıxış etməlidir.

İkincisi, “orijinal” olan, lakin hüquq sahibindən də razılıq alınmadan Azərbaycan ərazisinə satış məqsədilə gətirilən əmtəələr analoji saxta mallardan (yəni əmtəə nişanı hüquq sahibi tərəfindən deyil, kontrafakt yolu ilə digər şəxslər tərəfindən və hüquq sahibinin razılığı olmadan mallar) hüquq sahibinə dəyən ziyanın miqdarı ilə fərqlənir (adətən nəzərə çarpan dərəcədə azdır).

Üçüncüsü, mülki-hüquq məsuliyyətinə aid tətbiq olunan ölçülər, o cümlədən əmtəələrin dövriyyədən çıxarılması və ləğv edilməsi zəruri deyil.

Belə nəticələrin tətbiqi yalnız malların keyfiyyətsiz olması və (və ya) insanların həyat və sağlamlığının, təhlükəsizliyinin, təbiətin və mədəni dəyərlərin qorunmasının təmin edilməsi məqsədi ilə həyata keçirilə bilər. Bu tövsiyələr beynəlxalq təcrübə, o cümlədən Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin məsələyə aid Qərarının təhlili nəticəsində verilir.

Çıxışının sonunda K.İmanov hakimlərimizin bilik və peşəkarlığına inamını təsdiqləmış və tədbirin işinə müvəffəqiyyətlər arzulamışdır.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının sədri Günel Sevdimalıyevanın, Agentliyinin hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun, həmin şöbənin müdir müavini-sektor müdiri Faiq Əlizadənin, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Beynəlxalq Ticarətə Dəstək şöbəsinin rəisi Rövşən Namazovun, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənlinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyevinin əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı müxtəlif məruzələri dinlənilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Agentlik sədri Əqli mülkiyyətə qanun birbaşa ikisi isə dolayısı yolla qorunmanı təmin edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ