Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 22:27
Ölkəmizin uğurlarından, tərəqqisindən danışarkən regionlarının sosial-iqtisadi inkişafına toxunmamaq qeyri-mümkündür. Bu gün regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, investorların regionlara cəlb olunması, yeni iş yerlərinin açılması, əhalinin həyat tərzinin yaxşılaşdırılması ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amillərdir.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkili qeyd edib ki, bölgələrimizin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti İlham Əliyevin regionlara hər bir səfəri yeni müəssisələrin istifadəyə verilməsi və ya təməlinin qoyulması ilə əlamətdar olub: "Bu səfərlərin nəticəsi kimi ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə imzalanan sərəncamlar, ayrılan vəsaitlər regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olur. Həmçinin, xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması regionlarımızın sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişib, davamlı yüksəliş üçün möhkəm əsas yaradıb.
Regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyeva qədim Gəncə şəhərində olub. Qərb bölgəsinə səfər bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlamətdar olub. Qədimliyi ilə müasirliyi vəhdət təşkil edən unikal şəhərdə ümumi dəyəri 46,5 milyon manat olan "NB Satınalma və Ticarət" MMC-nin süni mərmər və qranit istehsalı zavodunun istifadəyə verilməsi regionun iqtisadiyyatına yeni töhfə olmaqla yanaşı, müəssisədə 300-dən çox yeni iş yerinin yaradıması işsizlik probleminin həllinə böyük ərməğan olub".
Deputat bildirib ki, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxananın, respublikada aqrar sektor üçün mütəxəssis hazırlayan yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin müasir standartlara cavab verən yeni tədris korpusunun açılışı, "Şah Abbas" və "Uğurlu Xan" karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin, ikinci Olimpiya İdman Mərkəzinin, təməli 2014-cü ildə qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanışlıq, Gəncəçay çayı üzərində eyni vaxta beş körpünün bərpasınn başa çatdırılması, ikinci "ASAN xidmət" mərkəzinin, yeni ümumtəhsil məktəbi binasının tikintisinin davam etdirilməsi üçün vəsaitin ayrılması ölkə Başçısının Gəncə və gəncəlilərə olan diqqətin bariz nümunəsi olub:
"Səfər çərçivəsində 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Prezident İlham Əliyevin "Yaşıl şəhər" layihəsinin ölkəmizdə ilk dəfə olaraq Gəncə şəhərində həyata keçirilməsinə diqqət çəkməsi də qədim Nizami yurdunun ekoloji vəziyyətinin yaxşılaşdırılmasının, ətraf mühitin mühafizəsinin, eləcə də, yerli təbii sərvətlərdən səmərəli istifadə məsələlərinin vacibliyini önə çıxarıb.
Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamlar, verdiyi qərarlar şəhərin hərtərəfli inkişafına zəmin yaradıb. Gəncə islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir. Belə ki, 2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində Gəncədə 60 587, bu il isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıb.
Sadalanan rəqəmlər, Gəncənin bu günkü inkişafı, tərəqqisi bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, yüksək diqqət və qayğısı sayəsində regionlarımızın yüksək inkişafı təmin edilib. Dahi Nizami yurdunun inkişafının, tərəqqisinin bundan sonrakı mərhələsi isə daha əzəmətli olacaq".