Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 17:45
Bakı. Trend:
2020-ci ilin 9 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri və magistrantları iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, online imtahan sessiyasının gedişatı və bu günlərdə dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun təşkilat profilinin yaradılması barədə məlumat verib.
2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulu çərçivəsində görülən işlərdən, hazırlanan təbliğat materiallarından danışan rektor tələbə, magistrant və məzunları MDU-nun təbliğində fəal iştiraka dəvət edib.
Görüşdə çıxış edən tələbələr və magistrantlar yaz imtahan sessiyasının təşkilindən, qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən və MDU-nun müasirləşdirilməsi yolunda əldə olunan uğurlardan razılıqlarını ifadə ediblər.
Rektor tələbələrin təkrar imtahanlarda iştirak, magistraturaya yeni qəbul olunanların MDU-da fəaliyyət istiqamətləri və digər məsələlərə dair suallarını cavablandırıb.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub. Bundan əvvəl, “Açıq qapı” günləri 4 iyun, 11 iyun, 18 iyun, 25 iyun və 2 iyul tarixlərində keçirilib.