Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 11:32
İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə bağlı alman jurnalist Urs Unkaufun müəllifliyi ilə "Ostexperte" xəbər portalında "Bakının İçərişəhəri: UNESCO tərəfindən tanınmanın 20 illiyi" sərlövhəli geniş məqalə yerləşdirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məqalədə 20 il bundan öncə Bakının İçərişəhəri Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bildirilir və bu il həmin tarixin 20 illiyi qeyd olunur. Qala Divarları, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd Məscidi, eləcə də İçərişəhərdəki abidələr, onların tarixçəsi, təfərrüatları və mədəni əhəmiyyəti barədə məlumat verilir.
Məqalədə vurğulanır ki, İçərişəhər, Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğun olaraq qorunur. Məqalədə, "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti barədə məlumat diqqətə çatdırılır. Əlavə edilir ki, "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi, İçərişəhər ərazisindəki abidələrin və bütovlükdə memarlıq-şəhərsalma kompleksinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə təsis edilib. Qeyd olunur ki, İçərişəhərin Vahid İdarəolunması Planı və Bakının Tarixi Mərkəzinin Konservasiyası üzrə Baş Plan hazırlanıb. Bu müstəvidə, "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər sadalanır.
Məqalədə həmçinin, tarixi binaların (Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd Məscidi, Bəylər Məscidi, Bakı Xan Sarayı) bərpası və onların beynəlxalq mədəniyyət mərkəzlərinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilir.