Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 12:09
Bu, hər an gözlənilən hadisə idi. Yəni, dünən də olmasaydı, nə zamansa başqa gün baş verəcəkdi.
Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ötən gün Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribatını şərh edərkən deyib.
O bildirib ki, aprel hadisələrinin təkrarlanması ehtimalı yenidən yüksəkdir:
"İki dövlət müharibə vəziyyətindədir. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, toqquşmalar hər zaman olacaq, təxribatlar da olacaq. Biz də bu təxribatlara lazımınca cavab veririk. Müdafiə naziri Zakir Həsənov da qeyd etmişdi ki, hansısa bir təxribat Azərbaycan ordusunun hərəkətə keçməsinə də şərait yarada bilər. Elə 2016-cı ilin aprel hadisələri də belə başlamışdı. Ermənistan tərəfi təxribat törətmişdi, Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatla əks hücuma keçdi və döyüşlər 4 gün davam etdi. Ermənilər bunu gözləmirdilər. Belə bir hadisənin təkrarlanması ehtimalı yenə yüksəkdir. Ona görə, düşünürəm ki, əgər sərhəddə bu toqquşmalar bir müddət də davam etsə, döyüşlərin Qarabağ istiqamətinə keçməsi ehtimalı da artacaq".
Politoloq qeyd edib ki, Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat zamanı erməni tərəfinin xeyli sayda itki verməsi Paşinyanın siyasi durumunu daha da ağırlaşdıracaq:
"Paşinyan hakimiyyətinin cəbhədəki təxribatı daxili siyasətdəki uğursuzluqlarını qaralamaq, ört-basdır etmək, diqqəti yayındırmaq məqsədi daşımış da ola bilər. Amma anlamalıdırlar ki, pandemiyaya görə Ermənistandakı acınacaqlı durumu və daxili vəziyyəti diqqətdən yayındırmaq məqsədilə belə bir təxribata əl atsa, əks həmlə onun üçün ağır nəticəyə gətirə bilər. Təsəvvür edin, əgər bilinsə ki, 20-30 nəfər itki veriblər, bu, Paşinyanın siyasi durumunu daha da ağırlaşdıracaq. Ona görə, əslində, məntiq və ağılnan belə bir hərəkət etməməlidirlər. Amma bilirik ki, onlar, onsuz da, məntiqə riayət etmirlər və belə bir addım ata bilərdilər. Ona görə, bizim əks addımımız elə olmalıdır, həm cəbhə bölgəsində strateji yüksəklikləri ələ keçirə bilək, həm də elə bu hücumla Paşinyanın öz vəziyyətini ağırlaşdıraq. Ona görə, düşünürəm ki, ermənilər üzləşdikləri itkiləri etiraf etmirlər, saytları da bu barədə yazmır. Amma artıq məlumatlar gəlməyə başlayandan sonra Paşinyanın daxildəki siyasi durumu da çətinləşə bilər".
Təhməz Təkin